Afrikalılar üçün yenilik

Efiopiyanın paytaxtı ilə Cibutini birləşdirən Afrikanın ilk elektrikləşdirilmiş dəmiryolu magistralı istifadəyə verilib.

AzNews.az xəbər verir ki, bu barədə Interfax informasiya agentliyi məlumat yayıb. Dəyəri 4 milyard dollar olan dəmir yolunun layihə işləri və tikintisi Çinin "China Railway Group” və "China Civil Engineering Construction Corp” kompaniyaları tərəfindən aparılıb. Magistralın ümumi uzunluğu 752,7 kilometr, qatarın layihə sürəti saatda 120 kilometrdir. Elektrikləşdirilmiş dəmiryol magistralı təxminən 100 il əvvəl istilaçı avropalılar tərəfindən tikilmiş köhnə xətt ilə paralel çəkilib.

Efiopiyanın idxal və ixracının 90 faizindən çoxu, o cümlədən enerjidaşıyıcıları və qida məhsulları Cibutidə yerləşən dəniz limanından keçir. Bu səbəbdən ölkələr arasında müasir əlaqə yollarının olması vacib məsələlərdən biri idi. Bundan sonra Efiopiyanın paytaxtı Əddis-Əbəbə ilə Cibuti arasında yük daşımalarına sərf olunan vaxt 7 gündən 10 saata qədər azalacaq.

"China Railway Group” kompaniyasının layihə meneceri Fu Syunun sözlərinə görə, tikinti əsnasında hazırlıq keçən 15 min yerli işçi gələcəkdə dəmir yoluna nəzarət edə və yeni magistral xətlər çəkə biləcək.

Tikinti zamanı əsas diqqət ətraf mühitin və ilkin landşaftın qorunmasına yönəlib. Vəhşi heyvanlar üçün quraşdırılan xüsusi keçidlərə 4 milyon dollardan çox vəsait xərclənib./aznews.az/

MediaFax