Adi ipotekaların verilməsi dayanıb? - Ekspert

"2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Birinci rübdə 18 vətəndaşımız kredit ala bilsələr də, ikinci rübdə cəmi 4 nəfər ev problemini bu yolla həll edib” 
 
Bunu iqtisadçı-alim Vüqar Bayramov açıqlayıb. 

Ekspert sosial ipoteka kreditlərindən faydalananların isə ilk 6 ayda 236 mənzil ala bildiyini vurğulayıb: "Göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən sosial ipoteka kreditlərinin verilməsi nisbətən qrafik üzrə getsə də adi ipoteka kreditlərin verilməsi tormozlanıb. 

Adi ipoteka kreditləri üçün əsas maliyyə mənbəyi kimi çıxış edən istiqrazların yerləşdirilməsi isə fond tərəfindən ötən ilin dekabrında baş verib. İstiqrazlar yerləşdirilmədiyi üçün adi ipoteka kreditlərinin verilməsi üçün fond pul tapa bilməyib”. 

V.Bayramovun sözlərinə görə, Fondun əsasnaməsinin təsdiq edilməməsi də onun fəaliyyətinin genişləndirilməsinə imkan vermir: "Təəssüf ki, ilin bitməsinə 5 aydan az vaxtın qalmasına baxmayaraq hələlik kreditləşmə bərpa edilməyib. 

Bu arada İpoteka Fondunun hesabatından bəlli olur ki, fondun ən çox güvəndiyi bank, bu yaxınlarda müflis elan edilən Zamin Bank olub. Fond qısa zamanda adi ipoteka kreditlərinin bərpa edilməsi üçün yeni maliyyə mənbələri axtarmalıdır”./politika.az/

MediaFax