Abituriyent ali məktəbə girməsə, repetitor... - Ekspert danışdı

Ali məktəblərə qəbul imtahanları artıq geridə qaldı.
 
Bu il də müəyyən sayda abituriyent imtahanlarda yüksək nəticə göstərərək arzuladığı universitetlərə daxil ola bildi. Lakin statistikadan da görünür ki, imtahanlarda aşağı bal toplayıb, tələbə adını qazana bilməyən abituriyentlər də kifayət qədər çoxdur. 

Çoxsaylı valideyn şikayətindən məlum olur ki, bu il də tələbə adını qazana bilməyən abituriyentlərin əksəriyyəti uzun illər repetitor yanına gedən şagirdlərdir.
 
O da məlumdur ki, ölkədə uzun müddətdir ki, repetitor fəaliyyəti geniş vüsət alıb. Valideynlər təhsil müəssisələrində keçirilən dərslərin səviyyəsinə güvənməyərək övladlarının gələcəyini daha çox repetitorlara həvalə edir, bunun üçün üst-üstə külli miqdarda pul xərcləyir. 

İddialara görə, artıq bir neçə valideyn övladları ali məktəbə daxil ola bilmədiyi üçün repetitorlardan pullarını geri tələb etməyi düşünür. Bəs görəsən qanun nə deyir, abituriyent ali məktəbə qəbul olunmasa, repetitor pulu geri qaytarmalıdırmı?

Məsələ ilə əlaqədar tanınmış hüquqşünas Müzəffər Baxışa müraciət etdik. Hüquqşünas valideynlərin bu cür tələbinin əsassız olduğunu qeyd etdi: "Ümumiyyətlə nə repetitor, nə də valideyn müqavilə bağlamaqda maraqlı olmurlar. Ən  yaxşı hal müqavilə bağlamaqdır və müqavilədə bütün şərtlər göstərilməlidir. İnanmıram ki, hansısa repetitor təminat versin ki, abituriyent ali məktəbə daxil ola bilməyəndə pulları geri qaytaracaq. Əslində bu valideynlərin haqsız tələbidir, hüquq prinsiplərinə uyğun deyil. Valideyn pulun qaytarılmasını tələb edə bilməz. Valideyn repetitoru məhkəməyə verə bilər ki, ona ödənilən pulun müqabilində övladına dərs keçirilməyib, məsələn, həftədə 3 dərs keçirilmək əvəzinə 2 dərs keçirilib və sairə. Yəni bu, şərtlər daxilində məhkəməyə müraciət oluna bilər. Repetitor şagirdə dərs keçir. Uşaq da bu və ya digər səbəblərdən həyəcanlanır və yaxud digər səbəblərdən imtahanlardan keçə, lazımi balları toplaya bilmir. Buna görə repetitor nəyə görə məsuliyyət daşımalıdır? Azərbaycanda da belədir ki, ağıllı valideynlər bir qayda olaraq öz uşaqlarını savadlı repetitorlara həvalə edirlər”. 

Hüquqşünasa görə, əgər hansısa repetitorla valideyn arasında müqavilə bağlanılarsa və müqavilənin şərtlərində göstərilsə ki, repetitor həmin uşağın ali məktəbə daxil olmasına təminat verir, artıq valideyn dərk etməlidir ki, o repetitor dələduzdur: "Bu imtahan elə bir prosesdir ki, orada bu və ya digər qarşısı alınmaz hallar baş verə bilər və bunun  nəticəsində ən savadlı uşaq ondan gözlənilən nəticəni göstərə bilməsin. Müqavilədə belə bir şərtin göstərilməsi düşünürəm ki, düzgün deyil. Bu şərt ümumiyyətlə müqavilədə göstərilə bilməz. Bəzi şagirdlər var ki, dələduzluqla məşğuldur, dərs oxumur, valideynlər də sonradan günahı repetitorlarda görürlər, mən bunu əsaslı hesab etmirəm. Və düşünürəm ki, Azərbaycanda son dövrlərdə güclü repetitorlar olmasaydı, şagirdlər təhsil müəssislərin hesabına güclü nəticələr göstərə bilməzdi. Çünki hamıya məlumdur ki, ölkədə təhsil müəssisələrin verdiyi təhsil hansı səviyyədədir. Ona görə də mən valideynlərin bu cür tələbini əsassız hesab edirəm. Repetitorlar isə müqavilə bağlamaqda ona görə maraqlı olmurlar ki, vergidən yayınsınlar. Əslində bununla vergi qanunvericiliyini əsaslı şəkildə pozmuş olurlar. Ölkədə elə repetitorlar var ki, çox yüksək gəlir əldə edir, amma vergidən yayınır”.

Hüquqşünas onu da qeyd etdi ki, müqavilə bağlamadan fəaliyyət göstərən repetitorlar məsuliyyətə cəlb oluna bilərlər: "Mülki müqavilə olmasa repetitor heç bir məsuliyyətə cəlb oluna bilməz. Amma əgər repetitor vergi orqanlarından keçməyibsə, vergi ödəmirsə, onda o, qanunsuz sahibkarlıqla məşğul olduğuna görə məsuliyyətə cəlb edilə bilər. Əgər repetitorun əldə etdiyi gəlir 20 min manatdan artıq olarsa, onda Cinayət Məcəlləsinin 192.1 maddəsinə görə əldə olunmuş gəlirin 2 misli miqdarda cərimə və ya 6 ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Əgər onun əldə etdiyi gəlir 100 min manatdan yuxarı olduqda bu artıq külli miqdarda ziyan vurmaq kimi qiymətləndirilir və bu əməllər CM-nin 192.2.1 maddəsi ilə tənzimlənir. Buna görə əldə edilmiş gəlirin 3 misli və ya 1 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Repetitor 20 min manatdan aşağı gəlir əldə etsə, onda o, İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyətə cəlb edilə bilər. Məcəllənin 398-ci maddəsinə əsasən həmin repetitor dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir”./musavat.com/

MediaFax