54 nəfər yanaraq ölüb

Ötən il respublika ərazisində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11 min 853 çıxış edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) saytımıza bildiriblər ki, bunun 2227-si çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 7077-si açıq sahələrdə, 378-i nəqliyyat vasitələrində, 5-i meşə və talalarda, 2166-sı digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub.

Yanğın hadisələri zamanı 54 nəfər həlak olub, 146 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər (16 faiz), xəsarət alanlar üzrə 24 nəfər (14 faiz) azdır.

Eyni zamanda 2016-cı ildə respublikada  68 partlayış hadisəsi qeydə alınıb. Bu da 2015-ci il ilə müqayisədə 6 hadisə və ya 10% çoxdur. Partlayışlar zamanı 12 nəfər ölüb, 88 nəfər xəsarət alıb.
 
2016-cı ildə respublika ərazisində 12110 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1568 hadisə və ya 11% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər ölüb, 239 nəfər xəsarət alıb. Həmçinin, 71 nəfər xilas edilib, 1992 nəfər hadisə yerindən təxliyə olunub./modern.az/

MediaFax