Rusiyada “spirtli soyqırım” davam edir: ölənlərin sayı 48-ə çatdı - YENİLƏNİB

18.12.2016
18:13 
 
Rusiyada spirtli içkidən zəhərlənən 5 nəfər ölüb, 5 nəfər komadadır.
 
"RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu gün 10 nəfər naməlum maddədən kəskin kimyəvi zəhərlənmə diaqnozu ilə İrkutsk şəhərindəki iki xəstəxanaya gətiriliblər.
 
Həkimlər həmin şəxslərin hamısının spirtli içki qəbul etdiyini ehtimal edirlər. Xəstəxanaya gətirilən şəxslərdən 5-i ölüb, 5-i isə komadadır. Xəstələrdən kimyəvi-toksikoloji ekspertiza üçün nümunə götürülüb./APA/
 
---------------
19.12.2016 
19:20 
 
Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 19-a çatıb, 40 nəfər isə xəstəxanada həkim nəzarəti altındadır.
 
Bu barədə RİA "Novosti”  Rusiya İstintaq Komitəsinin İstintaq  İdarəsinə istinadən məlumat yayıb.
 
Hadisə ilə bağlı Prokurorluq, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi xətti ilə təhqiqat aparılır.
 
Məlumatda bildirir ki, müayinə zamanı spirtli maddənin tərkibində metanol aşkar edilib.
 
X X X

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı artır.
 
Şəhərin Lenin rayonunun prokuroru Stanislav Zubovski RİA "Novosti" agentliyinə bildirib ki, ölənlərin sayı 26 nəfərə yüksəlib, 40 nəfər isə xəstəxanalara yerləşdirilib.
 
Şəhərdə 100-dən artıq satış nöqtəsində "Boyarışnik" içkisinin satıldığı müəyyənləşdirilib.
 
Zəhərlənməyə səbəb olan spirtli içkini yayan iki nəfər artıq tutulub.
 
Xeyli miqdarda məhsul qeyri-qanuni dövriyyədən çıxarılıb. 
 
X X X
 
Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənən 57 nəfərdən 41-i ölüb.
 
Bu barədə İrkutsk şəhərinin Lenin rayonunun prokuroru Stanislav Zubovski məlumat verib.
 
Bildirilir ki, xəstəxanaya çatdırılanların əksəriyyəti koma vəziyyətində olub. Hazırda sağ qalanların vəziyyəti ağır qiymətləndirilir.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı zəhərlənməyə səbəb olmuş spirtli içkilərin satış nöqtələrinə çatdırılması ilə məşğul olan 5 nəfəri saxlayıb. Xeyli miqdarda məhsul qanunsuz dövriyyədən çıxarılıb.
 
Şəhərdə fövqəladə vəziyyət elan olunub. Spirt məhsullarının məişət və gigiyenik məqsədli istifadəsi qadağan edilib.
 
Rusiyanın baş naziri Dmitri Medvedev spirtli məhsulların satışı qaydalarının sərtləşdirilməsinə çağırıb. Baş nazirin müavini Aleksandr Xloponin isə bəyan edib ki, alkoqollu içkilərin dövriyyəsinin sərtləşdirilməsinə dair qanun layihəsi yaxın vaxtlarda qəbul olunacaq.

X X X
 
Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənən 57 nəfərdən daha 7-si ölüb.
 
Bununla da, ölənlərin sayı 48-ə çatıb.
 
İrkutsk şəhəri Lenin rayonunun prokuroru Stanislav Zubovski bildirib ki, qalan 9 nəfər hazırda xəstəxanadadır. Onların vəziyyəti kəskin ağır kimi qiymətləndirilir./APA/

MediaFax