4 faizlik marjanın ləğvi nələri dəyişəcək? - İqtisadçı açıqladı

Bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.

Məlumata görə, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, marjanın ləğvi bankların daha sərbəst hərəkət etməsinə səbəb olacaq, "qara bazar"a dollar axınının qarşısını alacaq:

"Öz açıqlamalarımda dəfələrlə təklif etmişdim ki, marja ləğv olunmalıdır. Çünki "qara bazar"ın yaranmasının əsas səbəblərindən idi. Marjanın ləğvi bankların daha sərbəst hərəkət etməsinə, "qara bazar"a dollar axınının qarşısının alınmasına səbəb olacaq. "Qara bazar"dakı məzənnə artıq normal bank məzənnəsi kimi rəsmiləşəcək və rəqabətli mühit yaranarsa, banklar arasında məzənnə də o mühitdən doğaraq dəyişəcək. Amma rəsmi məzənnədən ciddi şəkildə, yəni 10-20 faiz fərqlərin yaranmasını da düşünmürəm. Belə ciddi fərqlərin yaranmasına Mərkəzi Bank çox güman ki, imkan verməz".

Ekspert hesab edir ki, marjanın ləğvindən sonra növbəti addım kimi valyutadəyişmə məntəqələri də açılacaq:

"Marjanın ləğvi ilə bağlı ilkin siqnal verildi. Amma çox güman yaxın günlərdə ləğv olunacaq və bunun ardınca da valyutadəyişmə məntəqələri də açılacaq. Çünki valyutadəyişmə məntəqələrinin bağlanmasının praktikada heç bir faydası olmadı. Nə valyuta ajiotajını aşağı saldı, nə "qara bazar"ın qarşısını aldı. Əksinə "qara bazar"a yol açdı. Ona görə də, növbəti addım kimi valyutadəyişmə məntəqələrinin də yenidən fəaliyyət göstərməsi bərpa olunacaq"./qaynarinfo.az/

MediaFax