Zərərçəkmiş ittihamın əleyhinə ifadə verdi

Bakı Apelyasiya Məhkəməsində "Zaminbank"ın filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə baxış iclası keçirilib.
 
Hakim İlqar Muquzovun sədrliyi ilə keçirilən prosesdə tərəflər ifadə verib.

Təqsirləndirilən S.Quliyev hadisənin necə baş verməsini danışıb. O bildirib ki, Azəri, Ruslanı və Ceyhunu ona görə vurub ki, həmin şəxslər onu və dostu Mövludu daayanmadan döyüblər: "Mən məcbur olub onları vurdum ki, bizi buraxsınlar. Azərə 1 bıçaq vurub gözlədim, buraxmadı yenə vurdum. Üçüncü bıçaqdan sonra buraxdı. Gördüm Ruslan Mövludu döyür, onu da vurdum. Mövludu Ruslanın əlindən alıb qaçdım”.

Bundan sonra zərərçəkmiş Ruslan Əfəndiyev ifadə verib. O, əvvəlcə məhkəmədən tərcüməçi tələb edib. Ali təhsilini Rusiyada alması və uzun müddət orada yaşaması barədə sənədləri məhkəməyə təqdim edərkən zərərçəkmiş Azər Məmmədovun hüquqi varisi Gülsabah Əhmədovanın nümayəndəsi Samir İsayev buna etiraz edib və sənədləri onun əlindən alıb. S.İsayev R.Əfəndiyevin Azərbaycan dilində ifadə verə biləcəyini deyib. R.Əfəndiyev isə Azərbaycan dilində oxuya-yaza bilmədiyini deyib. Məhkəmə R.Əfəndiyevin vəsatətini təmin edib və Fəxri Məmmədov prosesə tərcüməçi kimi qatılıb.

R.Əfəndiyev şahid andını rus dilində oxumaqla ifadəsinə davam edib. O, ittihamın əleyhinə ifadələr verib:

"Tatamiyə görə zalda söhbət olanda mübahisə olmadı, Azər də orada yox idi. Mən onlara irad bildirəndə üzr istəyib getdilər. Sonra dəhlizdə Mövlud mənə yaxınlaşıb soruşdu ki, "sən polissən?”, "bunun nə dəxli var” dedim. Mövlud dedi ki, "sən bizim üstümüzə çox gəldin, biz də birinci dəfədi gəlmişik, qaydaları bilmirik, elə bildik polissən, ona görə sənə heç nə demədik”. Mən də "qanacağınız olsaydı, özünüz bilərdiniz” dedim həmin vaxt Mövlud o söyüşü söydü. Mən hiss etdim ki, mənə əl-qol atmaq istəyir, onu itələdim. Həmin vaxt Azərgil arxadan gəldi, mən Mövludu Sənanın əlindən alıb tutaşdıq. Bir də hiss etdim ki, qoluma bıçaq dəydi, dönüb Sənanı vurdum, o bıçaq atdı arxaya çəkildim, sonra onlar ikisi qaçdı. Mənə ikinci bıçaq dəydiyini xəstəxanada bildim. Özümə bıçaq dəyənə kimi Sənanda bıçaq olduğunu bilmirdim. Sonra da Azərin vurulduğunu bildim”.

R.Əfəndiyev bundan sonra vəkil Cavid Rzazadənin suallarını cavablandırıb. Vəkil bildirib ki, onun ibtidai istintaqa ifadəsi ilə indiki ifadəsi arasında ziddiyyət var. R.Əfəndiyev isə istintaqa da burda dediklərini danışdığını deyib: "Mən ifadəni rusca verdim, onlar isə tərcümə edib azərbaycanda yazdılar. Mən də yaxşı oxuya bilmədiyim üçün imzaladım”.

R.Əfəndiyev sualları cavandırarkən deyib ki, Sənan Quliyev heç kimlə mübahisə etməyib, söyüş söyməyib: "Mən Sənanın Azərlə Ceyhunu vurmasını görməmişəm. Mövlud da mənim qollarımı tutmamışdı. Biz üz-üzə dalaşırdıq”.

Məhkəmə prosesi noyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin aprelin 21-də "Avropa" otelində baş verib. Münaqişə nəticəsində Azər Məmmədov vəfat edib, Ruslan Əfəndiyev və Ceyhun Nağıyev yaralanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Quliyev ömürlük, Mövlud Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib./qafqazinfo.az/

MediaFax