ÖZƏL: Ziya Məmmədov vitse-prezident ola bilərmi? - ŞƏRH

Ötən gün ABŞ-da prezident seçkiləri keçirildi. Demokratların namizədi Hillari Klintonla Respublikaçıların namizədi Donald Tramp arasında davam edən siyasi mübarizə ikincinin qələbəsi ilə yekunlaşdı. Donald Trampın yüksək səs çoxluğu ilə ABŞ prezidenti seçilməsi bütün dünya liderlərini demək olar ki, şoka saldı. Amma dünya siyasi arenasına diqqət etsək, görərik ki, son onillikdə böyük siyasət tamlığı ilə böyük biznesin üzərində qurulur. Demək, indi artıq dünyanı biznesmenlər, milyarderlər idarə edir.

Bu baxımdan da milyarder Donald Trampın qüdrətli Amerikaya rəhbər seçilməsi və ya təyin olunması o qədər də təəccüblü hal deyil. Bu qələbəyə görə Donald Tramp xərclədiyi pullarla yanaşı, seçki platformasını hazırlayan siyasi mütəxəssislərə də təşəkkür etməlidir. Çünki bu platforma həm müasir dünyanı, həm də bütün qütblərdə mübarizə aparan insanların, qruplaşmaların, hətta terror təşkilatlarının marağına səbəb olmuşdu...

Beləliklə, ABŞ-da seçkilər sona çatdı və Donald Tram adını ABŞ prezidentləri siyahısına yazmağı bacardı.

İndi bütün dünya liderləri sərt, qismən siyasi bacarığı olmayan və daha çox şovinist təklifləri ilə yadda qalan Trampla işləmək qaydalarını tapmalıdır. Təbii ki, hər bir dövlət rəhbəri oz maraqlarına uyğun addımlar atacaq, qazanmağa çalışacaq.

Bəs Azərbaycan-ABŞ münasibətlərində nə baş verəcək?
 
Əvvəla, prezidentin kim olmasından asılı olmayaraq, hər bir dövlət Azərbaycan kimi strateji müttəfiqlə işləməkdə maraqlıdır. Neftlə zəngin bir ölkənin maraqlarını nəzərə almaq da öz yerində.
 

Burda isə bir məsələ də unudulmamalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, dünya siyasəti hazırda biznes maraqlarıyla idarə olunur. Yəni istər ABŞ, istər Rusiya, istərsə də Azərbaycan siyasi oyunlara girərkən qazanmaq və itirmək nisbətini hesablayır. Praktika göstərir ki, daha çox qazanmaq üçün tanışlıqlar və doğrulmuş inam vacib şərtdir. Yəqin ki, Azərbaycan hökuməti Donald Trampla əlaqələrin qurulmasında tanışlıq versiyası da incələnəyəcək.

Bu arada ötən gün demək olar ki, hər kəs Nəqliyyat naziri Ziya Məmmədovu Donald Trampla yaxın münasibətləri olan biri kimi xarakterizə edirdi. Mediafax.Az-a daxil olan məlumata görə, hətta Ziya Məmmədovun vitse-prezident postuna gətiriləcəyini də iddia edənlər var.
 
Nə var ki, nazirin oğlu Anar Məmmədov 3 il əvvəl Bakıda "Tramp Tower"-in tikintisinə nəzarət edib və ya bu böyuk layihəyə şərik kimi qoşulub. Əslində bu yaxşı bir addımdır. Bu gün ABŞ prezidenti Donald Trampın Bakıya gəlməsi və ya Bakını diqqətdə saxlaması üçün kiçik də olsa bis əsas var.


Əslində, məsələyə siyasi konteksdən yanaşılan zaman bunun nə Azərbaycan, nə də Tramp üçün əhəmiyyəti yoxdur və çox xırda məsələdir. Azərbaycan ona sərf edən bütün siyasi inkişafda yalnız Ermənistandan başqa, hər bir dövlətlə danışıqlara hazırdır. Təki uğur qazanılsın. 

Donald Trampla Ziya Məmmədovun əlaqələrinin olması və bunun fonunda nazirlə ABŞ prezidentinə yaxınlaşa biləcəyimiz kimi vesiyalar isə müəyyən mənada gülməli səslənir. Əgər söhbət ABŞ-la münasibətlərdən gedirsə, bu, zatən baş tutacaq. Ziya Məmmədov Azərbaycan siyasi səhnəsində Nəqliyyat naziri olaraq kifayət qədər səlahiyyətləri əlindən alınmış bir nazirdir. Belə demək mümkündürsə, indi o, sıradan bir nazirdir. Trampa görə, Ziya Məmmədova nazir postundan da böyük vitse prezident kmi bir səlahiyyətin verilməsi real görünmür.
 
Çünki Azərbaycanda Donald Trampa Ziya Məmmədovdan daha yaxın olan siyasi fiqurlar var...

MediaFax.Az-ın analitika şöbəsi