Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı Mərkəzi Bankın sədri Elman Rüstəmova müharibə elan edib.
Mediafax.Az-ın əldə etdiyi məlumata görə, dollar qıtlığının yaranması məhz Palata rəhbərinin tapşırığı əsasında həyata keçirilir. Bununla da baş bankiri pis vəziyyətdə qoymaq istəyən Aslanlı bu qurumun bütün səlahiyyətlərini ələ keçirmək istəyir.
Xırda bir detala diqqət çəkək. Hazırda banklarla bağlı məsələlərə Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərlik edir.
Bakıda yaranmış dollar qıtlığının səbəbi ilə bağlı jurnalistlərin sorğusuna qurumun cavabı belə olub:
"Bankların dollar satmamasının bizə aidiyyatı yoxdur. Çünki ölkədə pul siyasətini Mərkəzi Bank həyata keçirir".
Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev isə öz növbəsində banklara nəzarət məsələsinin Palatanın səlahiyyətində olduğunu qeyd edib: "Mərkəzi Bank fərdi və individual banklarla işləmir. Ona görə də məsələyə münasibət bildirə bilmərik”.
Beləliklə, iki qurum arasında müharibədə ziyan çəkən sadə vətəndaşlar və dövlət olur.
Qara bazarın vüsət almasında maraqlı olan Rüfət Aslanlı bununla da Elman Rüstəmovu zərbə altına salır. Hər həftə Neft Fondunun iştirakı ilə keçirilən hərracda banklara kifayət qədər dollar satılır. Amma görünür gizli əllər bankların dollar satışına imkan verməməklə Elman Rüstəmovun onsuz da laxlayan kreslosunu bir qədər də zəiflədirlər.
Mediafax.Az-a danışan mənbə onu da iddia edir ki, Rüfət Aslanlının baş bankirə "hücumu" bununla bitmir. Palata sədri həmçinin bəzi ekspertlərə müəyyən "hörmət" qarşılığında Elman Rüstəmovu mətbuatda vurmaq tapşırığı verdirib. "Belə ekspertlərdən biri isə «Antikollektor» MMC-nin rəhbəri Əkrəm Həsənovdur. O, müxtəlif yollarla mətbuatda Elman Rüstəmovu vurmaqla məşğuldur", - deyə mənbə vurğulayır.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MediaFax
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.