Bakıda dünən axşam saatlarında 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası barədə xəbər vermişdik.
Xəbərdə bildirilirdi ki, Xətai rayonu, Sabit Orucov küçəsində "Bentley” markalı avtomobil ilə "KİA” markalı 99 OC 616 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 51 və 26 yaşlı iki kişi ilə 26 və 23 yaşlı iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yenisinin qiyməti 400-450 min manatdan başlayan "Bentley” avtomobilinin kimə məxsus olması barədə heç bir məlumat verilmir. Bizimxeber.Az-ın məlumatına görə, qəza baş verəndən dərhal sonra "Bentley” markalı avtomobilin dövlət nömrə nişanı çıxarılaraq gizlədilib.
Mediafax.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Toyota Bakı Mərkəzi"nin qarşısında baş verən qəzaya "Bentley” markalı avtomobil səbəb olub. Hadisənin şahidləri əməkdaşımızla söhbətində bildiriblər ki, buna baxmayaraq, "KİA" markalı avtomobilin sürücüsü günahkar kimi qeydə alınıb.
Əlbəttə, hamıya məlumdur ki, yarım milyona yaxın qiyməti olan "Bentley”i sıradan bir şəxs alıb sürə bilməz. Qəza zamanı dövlət nömrə nişanlarının təcili açılıb götürülməsi isə, avtomobilin hansısa məmurlardan birinə məxsus olması ehtimalını artırır.
Mediafax.Az Bizimxeber.Az-a istinadən qəzanın fotolarını təqdim edir: