03.12.2016
11:27
Bu gün Özbəkistanda prezident seçkiləri öncəsi son gündür. Ölkədə sükut günü elan edilib.
Özbəkistanda sükut günü ilk dəfə elan edilir. "Özbəkistan Respublikası prezident seçkiləri haqqında" qanuna Özbəkistan Parlamenti tərəfindən 2015-ci ilin sonunda müvafiq düzəlişlər edilib.
Bu gün və seçki günü qanuna uyğun olaraq seçkiqabağı təşviqata yol verilmir - mətbuatda hər bir namizədin xeyrinə yazılar qadağandır, təbliğat xarakteri daşıyan plakatlar və posterlər yığışdırılacaq, namizədlərin özlərinə çıxış etmək qadağandır.
Yeganə yol verilən təbliğat sükut günü seçicilərin məntəqələrə gəlmələrinə çağırışlardır.
Dünən MSK sədri Mirzə-Uluqbek Əbdüsalomov seçkilərdə fəal iştirak etmək çağırışı ilə seçicilərə müraciət edib:
"Qarşıdakı seçkilər - Özbəkistanın inkişaf vektorunu və uşaqlarımızın gələcəyini müəyyən edən mühüm hadisədir. Vətənimizin böyük gələcəyi hər bir seçicinin fəal iştirakından asılıdır. Sülh, xalqımızın əmin-amanlığı və Vətənimizin çiçəklənməsi naminə səs verin!".
Özbəkistanın prezidenti vəzifəsinə 4 siyasi partiyanın nümayəndələrinin namizədlikləri irəli sürülüb.
Özbəkistanda növbədənkənar seçkilər ölkə Konstitusiyasına uyğun olaraq prezident İslam Karimovun 2016-cı ilin sentyabrında 79 yaşında vəfatı ilə əlaqədar keçirilir.
Özbəkistan prezidenti beş il müddətinə seçilir./virtualaz.org/
-----------------
04.12.2016
09:46
Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.
"RİA Novosti” agentliyinin verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılıb, saat 20.00-da (Bakı vaxtı ilə 19.00) bağlanacaq.
Ölkədə rəsmən fəaliyyət göstərən 4 partiyanın hər biri seçkilərdə namizədi ilə iştirak edir.
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində həyatını itirib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir. Politoloqlar seçkilərdə prezident postuna əsas namizədin də Ş. Mirzəyev olduğu qənaətindədirlər. Ş. Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası tərəfindən irəli sürülüb. Parlamentin aşağı palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.
Seçkilərdə 21,4 milyon vətəndaşın səs verəcəyi gözlənilir. Seçkinin ilkin nəticələrinin sabah səhər açıqlanacağı gözlənilir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Elman Nəsirov və Ağalar Vəliyev Özbəkistanda keçiriləcək prezident seçkilərini izləmək üçün Daşkəndə səfər ediblər. Parlamentin nümayəndə heyəti beynəlxalq müşahidəçilər qismində seçki prosesində iştirak edirlər. Deputatlar ölkədə seçkiqabağı hazırlıq işləri, məntəqələrdəki vəziyyət ilə yaxından tanış olacaq, vətəndaşların fəallığını müşahidə edəcəklər. Səfər dekabrın 5-də başa çatacaq.
---------------
19:48
Özbəkistanda prezident seçkilərində səsvermə başa çatıb.
Yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 19.00) seçki məntəqələri bağlanıb.
Yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılan seçki məntəqələrində səsvermə başa çatana qədər 21,4 milyon seçicidən 17,69 milyon nəfər, yəni 86,62 faizi səs verib.
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində həyatını itirib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir. Politoloqlar seçkilərdə prezident postuna əsas namizədin də Ş. Mirzəyev olduğu qənaətindədirlər. Ş. Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası tərəfindən irəli sürülüb. Parlamentin aşağı palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.
Seçkinin ilkin nəticələrinin sabah səhər açıqlanacağı gözlənilir./APA/