Ali Məhkəmədə Leyla və Arif Yunusların kassasiya şikayəti üzrə məhkəmə prosesi təxirə düşüb.
Vəkil Elçin Sadıqov bildirib ki, Leyla Yunus və Arif Yunusun işi üzrə kassasiya şikayətlərinə baxış iclası noyabrın 2-nə təxirə salınıb.
O qeyd edib ki, səbəb kimi onun iki ay əvvəl sənədlərin surətlərinin verilməsi barədə vəsatətinin bu müddət ərzində icra ediləcəyi göstərilib.
Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb. 2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla, şərti hesab edilib. L. Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Hazırda onlar müalicə üçün Hollandiyadadır.
MediaFax