Bakının Xətai rayonunda M.Hadi küçəsi, 2944 ünvanında yaşayan sakinlər hər gün kanalizasiya sularının içərisindən keçərək işə gedirlər.
Bərbad vəziyyətdə olan məhəllədaxili yol yağış yağanda çirkab gölməçəsinə dönür.
Bu şikayətlə saytımıza həmin ünvanda yaşayan sakinlər müraciət ediblər.
Şikayətçilərin sözlərinə görə, vaxtilə təmir olunan yola asfalt çəkilsə də, iki ildən artıqdır ki, kanalizasiya suları yolu yuyub aparıb.
"Ancaq adı var ki, paytaxtda yaşayırıq. Uşaqlarımızı məktəbə apara bilmirik, işə gedib çıxana qədər palçığın və çirkab suların içərisində oluruq. Hər gün körpə uşaqla bu yolu divarlardan tuta-tuta gedirəm. Elə gün olmur ki, ayağım islanmasın. Həm də təkcə palçıq olsa, dərd yarıdır, üst-başımız kanalizasiya suyuna bulanır”, - deyə şikayətdə bildirilir.
Sakinlərin dediklərinə görə, hər gün yüzlərlə adamın gedib gəldiyi bu yol çox nadir hallarda quru olur. Yaxınlıqda tikilən çoxmərtəbəli binanın özülü qoyulandan ətraf məhəllələr asfalt yol üzünə həsrət qalıb. Xüsusən də, güclü yağış yağan kimi kanalizasiya quyuları daşır və çirkab su məhəllələrin arasındakı yollara dolur.
Yaranmış problemlə bağlı Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçi Aqil Cəbrayıllı saytımıza bildirdi ki, faktla bağlı araşdırma aparılacaq və problem tezliklə aradan qaldırılacaq./virtualaz.org/
MediaFax