Yol polisindən şikayət etdi

Gəncə sakini Elnur Verdiyev  danışır ki, bu il noyabrın 22-də avtomobilinin nömrə-nişanını dəyişmək üçün Dövlət Yol Polis İdarəsinin Gəncə şəhərində yerləşən 9 saylı Rayonlararası Qeydiyyat Şöbəsinə müraciət edib.
 
Dediyinə görə, bu işlə məşğul olan Ərəstun adlı əməkdaş ondan 150 manat istəyib. E.Verdiyev isə yalnız banka dövlət rüsumu ödəyəcəyini bildirib. Belə də edib. Elə həmin gün banklardan birinə 49 manat dövlət rüsumu, 1 manat 20 qəpik də xidmət haqqı ödəyib. Ödəniş qəbzlərini götürüb şöbəyə qayıdanda, qarşılaşdığı səhnə onu məyus edib:

 «Ərəstun adlı işçi qəbzləri masanın üstünə atıb, dedi, «çıx ə, otaqdan». Dedim, «başa düşmədim, vətəndaşla bu nə danışıqdır?». Dedi, «uzatma ə, dedim çıx get». Mən onu növbəti dəfə ədəbli davranmağa dəvət edib otaqdan çıxmaq istəyəndə, masanın üstündəki mobil telefonu arxamca tulladı. Telefon başıma dəydi. Otaqdan çıxıb rəisin yanına getdim, dedim ki, «rüşvət istəyib, verməmişəm deyə, işçiniz mənimlə belə davrandı». Bildirdi ki, «fikir vermə, onun başı çatmır». Dedim, «dəlinin burda nə işi var? Dəlinin yeri dəlixanadır». Rəis də onu müdafiə etdi, dedi, «çıx, başımı ağrıtma»».

Ancaq E.Verdiyevin dediyinə görə, məsələ bununla da bitməyib. O, həmin şöbədə qarşılaşdığı münasibət və səbəbləri barədə DİN-in 102 xidmətinə məlumat verəndən sonra rəis onu şöbəyə dəvət edib. Təklif edib ki, şikayətini geri götürsün və barışıq ərizəsi yazsın: «Dedi, «yoxsa Gəncədə maşın sürə bilməyəcəksən». Razılaşmadım, istədiyini yazmadım. O gün – bu gün, addımbaşı yol polisləri saxlayır, cərimə yaza bilməsələr də, boş-boş sorğu-sual edib vaxtımı alırlar, əsəblərimi korlayırlar».

Dövlət Yol Polis İdarəsinin Gəncədəki 9 saylı Rayonlararası Qeydiyyat Şöbəsindən bildirilib ki, Elnur Verdiyevin şikayətçi olduğu əməkdaş hazırda məzuniyyətdədir. Qurumdan E.Verdiyevin şikayətinin əsassız olduğunu da vurğulayıblar: «Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdikdən sonra məsələ Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır. Bu səbəbdən də əlavə heç nə deyə bilmərik»./"Azadlıq” radiosu/

MediaFax