“Yeraltı anbarımızı Azərbaycan qazı ilə dolduracağıq”

"Gürcüstanda ilk yeraltı qaz anbarının tikintisi ilə əlaqədar yaxın vaxtlarda tender elan olunacaq. Anbarın tikintisində xarici ölkələrin korporasiyaları və beynəlxalq şirkətlər iştirak etmək istəyirlər. Onların arasında SOCAR şirkəti də var”.
 
Bunu "Report”a müsahibəsində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib ki, tenderdə iştirak edəcək şirkətlərin təklifləri diqqətlə öyrəniləcək. İndidən kimin qalib gələcəyini söyləmək olmaz.
 
Onun sözlərinə görə, anbarın tikintisinə 2017-ci ilin sonlarında başlanacaq. Tikinti işlərinin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur. Bu anbar Gürcüstanın təbii qaza olan tələbatının ödənilməsində mühüm rol oynayacaq. Anbar əsasən Azərbaycan təbii qazı hesabına doldurulacaq.
 
"Aparılan danışıqlar zamanı əldə olunmuş razılığa əsasən Gürcüstanın "mavi yanacağa” olan tələbatı Azərbaycanın təbii qazı hesabına ödəniləcək”, - deyə, Kaladze vurğulayıb.
 
Qeyd edək ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da ölkənin təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır.
 
Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın "Jeostik” kompaniyası hazırlayıb. Anbarda 210-280 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15 faizini təşkil edəcək.
 
Yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək.

MediaFax