Yeniyetməni döyə-döyə öldürdülər - Yenilənib

14.01.2017 
17:44 
 
Bərdə rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Şorkanal ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.

Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır./report.az/
 
----------
18:01 
 
Bərdədə qətl hadisəsi baş verib.
 
Hadisə rayonun Mirzəcəfərli kəndində olub.
 
Kənd ərazisində fermada yaşayan Yevlax rayonu Qoyun Binəsi kənd sakini, 1999-cu il təvəllüdlü Mustafalı Tapdıq Əlifəsiyyət oğlu qonşuluqda yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün, 2003-cü il təvəllüdlü Mirzəməmmədov Həsrət Sabir oğlunu döyərək öldürüb.
 
Bərdə rayon Polis Şöbəsindən bildiriblər ki, hadisə yerindən qaçan T. Mustafalı polis tərəfindən yaxalanaraq istintaqa cəlb edilib.
 
T. Mustafalı ilkin ifadəsində yeniyetməni otlaq sahəsinə görə yaranan münaqişə zəminində öldürdüyünü deyib.
 
Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb./APA/
 
-------------
18:13

Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub.
 
Öldürülən H. Mirzəməmmədovun atası İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və su kanalına atılıb.
 
Məlum olub ki, qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H. Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H. Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib./APA/
 
-----------------
15.01.2017 
11:46
 
Dünən Bərdə rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb.
 
Mirzəcəfərli kəndi ərazisində 18 yaşlı Tapdıq Mustafalının 14 yaşlı Həsrət Mirzəməmmədovu otlaq sahəsi üstündə deyil, başqa səbəbdən qətlə yetirməsi məlum olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, H.Mirzəmmədov hadisədən bir neçə gün əvvəl Tapdıqı bacısı ilə görüb. O, özündən 4 yaş böyük olan T.Mustafalıdan bir də bacısına yaxın durmamasını tələb edib. Bu səbəbdən onlar arasında dava-dalaş baş verib. 14 yaşlı oğlanın başına zərbələr endirib onu öldürən T.Mustafalı meyiti kanala ataraq qaçıb. Çox keçmədən polis əməkdaşları onu yaxalayıb. 

Qeyd edək ki, ilkin məlumatda Tapdıq Mustafalı ilə Həsrət Mirzəməmmədovun otlaq sahəsinə görə dalaşdığı bildirilirdi.

Onu da qeyd edək ki, orta məktəbin 7-ci sinif şagirdi olan Həsrət xeyli vaxt imiş ki, dərsə getmirmiş və hadisə günü də məktəbə yollanmayıb./lent.az/
 
MediaFax