Bir neçə gün öncə "Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gətirilən 60 minə yaxın pirotexniki vasitə aşkarlanaraq götürülüb.
Bu həmin vasitələrin yalnız sərhəddə tutulan hissəsidir, hamı bilir ki, pirotexnik vasitələr ölkəyə gətirilir də, satılır da. Çox vaxt mağazalarda açıq şəkildə satılmasa da, satıcının kəşfiyyat xarakterli müşahidəsindən sonra stolun altından, şkafdan, corabdan və ya digər gizlədildiyi yerdən çıxarılaraq alıcıya təqdim olunur.
Hələ şəhərin küçələrində belə yüksək səsyayıcıların və partlayıcı fişənglərin səsini eşitməsək də, yeni il yaxınlaşdıqca, yəqin ki, bu səslər tez-tez beynimizi deşəcək. Bəs aidiyyatı orqanların inkar etdikləri yüksək səsli partlayıcıların və partlayıcı fişənglərin satış bazarı həqiqətən yoxdurmu?
Bakıda ticarət obyektlərində pirotexnik vasitələrin satılıb-satılmadığını araşdırdıq.
"Gününə 300 manat ver, sat…”
Elə "28 May” metro stansiyasının yaxınlığındakı mağazalardan başladıq. Məlum oldu ki, yolka oyuncaqları və digər aksessuarlar satılan mağazalarda pirotexnik vasitələr satılmır. Satıcı da israrla bildirdi ki, belə mağazalarda dekabrın 30-na kimi həmin vasitələri tapa bilməyəcəyəm. Əgər mütləq almağı qarşıma məqsəd qoymuşamsa, onda ya "vosmoy” bazarına, ya da "Sədərək” Ticarət Mərkəzinə üz tutmalıyam.
Həqiqətən də, satıcının məsləhəti ilə xalq arasında "vosmoy bazarı” kimi tanınan "8-ci km” bazarına yollandım.
Bazarın girişində al-əlvan bəzədilmiş yeni il aksessuarları satılan mağazalar göz oxşayır. Alıcı əlindən də tərpənmək olmur. Növbəmiz çatanda Yeni il oyuncağı istədiyimizi düşünüb həvəslə yaxınlaşan satıcıya nə istədiyimizi deyəndə bir az duruxdu. Məlum oldu ki, bu obyektdə belə vasitələrin satışına qadağa qoyulub.
Elə baş çəkdiyimiz mağazaların əksəriyyətində eyni cavabı aldıq: "icazə vermirlər, qorxuruq satmağa”.
Amma əlbəttə ki, qorxunu necəsə yenib satanlar da var idi.
Adını demək istəməyən satıcıdan onu da öyrəndik ki, indi gizli şəkildə tək-tük mağazalarda pirotexnik vasitələr satılsa da, dekabr ayının 30-dan sonra bütün mağazalardan rahatca ala biləcəyik:
- İndi partlayıcıları satmağa qoymurlar axı, qanunsuzdur. Bilsələr, adamı tutarlar. Ona görə də, satıcıların çoxu risk eləyib onları satışa çıxarmır. Amma ayın 30-da gəlin, istədiyinizi seçib alın.
- 30-da satmağa icazə verirlər ki?
- Gününə 300 manat alıb, icazə verirlər…
Bir ailənin Yeni il bazarlığı qiymətində fişəng
"İcazəsini alıb” satsalar belə, bəzi satıcılar pirotexnik vasitələrdən danışmağa ehtiyat edirlər. Hətta bir satıcı bizə bu barədə ucadan danışmamağı məsləhət gördü:
"Yavaş danışın, gəlib sizi də tutarlar, məni də. Mən elə şeylər satmıram. Amma istəsəniz, qonşu satıcıda var”, - deyə özünü Ümid kimi təqdim edən satıcı məni qonşuya yönləndirdi.
O isə yolka zərlərinin altında gizlətdiyi çantanı eşələyib lap alta qoyduğu partlayıcını tapdı. İçərisində 60 ədəd partlayıcı olan qutunun qiyməti 1,5 manatdır. Lakin satıcının sözlərinə görə, bundan güclü partlayıcılar olsa da, ona yalnız bundan satmağa icazə verilib. Həm də istəsək, bizə bir dənəsi 1 manata satılan güclü partlayıcılar "təşkil edə” bilər.
Bundan istəmədiyimizi deyib mağazadan uzaqlaşırıq.
Partlayıcılara tək-tük rast gəlsək də, bazarda fişənglər, ümumiyyətlə, satılmırdı. Burada daha çox yeniyetmələrin aldığı "vzrıvpaket"lərə də rast gəlmədik.
Satıcıların sözlərinə görə, belə vasitələri və fişəngləri almaq üçün yalnız "Sədərək” Ticarət Mərkəzinə getmək lazımdır.
Qiymətləri isə 3 manatdan başlanır. Bir yaxşı Yeni il süfrəsini təşkil etməyə yetəcək qədər - 50, hətta 70 manata kimi davam edir.
Gözdən, qulaqdan, barmaqdan olmaq qorxusu
2000-ci illər idi, Yeni ilə hazırlaşırdıq. Onda pirotexnik vasitələrin satışı indiki kimi qadağan edilməmişdi. Qardaşımın mağazadan alıb bayram tədarükü etdiyi bir neçə qutu pirotexnik vasitədən bir neçəsini götürmüşdüm. Həyətdə uşaqlarla yandırıb hara gəldi tullayıb əylənirdik. Uşaq olduğumuzdan nə dərəcədə təhlükəli olduğunu da anlamırdıq. Əlimdəki partlayıcını yandırmışdım ki, ədəbiyyat müəllimim haradansa qarşımızda peyda oldu və indi xatırlamadığım nəsə soruşdu. Utandığımdan əlimdəki partlayıcını arxamda gizlətdim. Həm də alışdığından xəbərim yox idi. Müəllim bizdən aralanmağa macal tapmamış partlayıcı əlimdə partladı. Barmaqlarımın 10-u da yanmışdı. Dəhşətli göynəməni bildirməmək üçün səsimi çıxarmadım, amma pirotexnik vasitə əllərimdə və yaddaşımda öz izini belə qoydu.
Partlayıcıların ən təhlükəli tərəfi ondan ibarətdir ki, yandırarkən bir neçə saniyə alışmır. Elə bilirsən ki, yanmayıb. Bu zaman uşaqlar onu əlinə alır, üzünə, hətta gözünə belə yaxınlaşdıra bilirlər. Bir neçə saniyədən sonra alışan partlayıcı beləcə neçə uşağı kor, kar, şikəst edib.
Doğrudur, indi uşaqlar üçün onu əldə etmək əvvəlki kimi asan deyil, amma heç əlçatmaz deyil, yəni axtaran tapır. Lakin bir çox hallarda uşaqlar qəpik-qəpik topladıqları pulu verib aldıqları həmin vasitələrin potensial təhlükəsindən xəbərsiz olurlar.
Bəs aidiyyati qurumlar bu vasitələrin uşaqlarımızın əlinə keçməməsi üçün necə mübarizə aparırlar?
Gömrükdə qarşısı alınmalıdır – BŞİH
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun saytımıza bildirdiyinə görə, pirotexnik vasitələrin satışı ilə il boyu mübarizə aparılır, Yeni il şənlikləri ərəfəsində isə bu tədbirlər intensivləşir.
"Əvvəllər bu işlə BŞİH Ticarət və Xidmət Departamenti məşğul olurdu. İndi polis və Gömrük Komitəsinin əməkdaşalrı ilə birgə belə vasitələrə qarşı tədbirlər görürük. Bu vasitələrin qarşısını birinci olaraq Gömrük Komitəsi almalıdır. Əgər gömrükdən belə vasitələr buraxılmasa, mağazalarda da satıla bilməz. Son 10-15 ildə bu vasitələrin ölkəyə gətirilməsinin, demək olar ki, qarşısı alınıb. İl-ildən də satışda azalma müşahidə edilir. İndi satışa çıxarılanlar isə ötən illərdən qalanlardır.
Ə.Bağırov bu il ərzində Bakı şəhərində satışda heç bir pirotexnik vasitə aşkarlanmadığını dedi.
Qeyd edək ki, belə vasitələrin satışı ilə məşğul olan şəxsləri İnzibati Xətalar Məcəlləsinə görə 80 manat həcmində cərimə gözləyir.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakmiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli sərəncamı ilə partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsi qadağan edilib./virtualaz.org/
MediaFax