Yeni ili Çernobıl AES-də qarşılamaq istədilər, polis saxladı

Ukrayna polisi Yeni ili Çernobıl Atom Elektrik Stansiyasının (AES) təcrid zonasında qarşılamaq istəyən 4 nəfəri saxlayıb.
 
"RİA Novosti” agentliyinin verdiyi məlumata görə, polis həmin şəxsləri Çernobıl AES-də qəzadan sonra əhalinin evakuasiya edildiyi İvanovsk rayonunun İlovnitsa kəndində bir boş evdə aşkarlayıb.
 
Müəyyən edilib ki, ekstremal turizm həvəskarı olan 23-30 yaşlı üç kişi və 25 yaşlı qadın nəzarət-keçid məntəqəsindən kənar yerdən qanunsuz olaraq əhali yaşamayan bu zonaya daxil olub. Onlar Yeni ili Çernobıl AES-də qəzadan sonra əhalisi köçürülmüş Pripyat şəhərində qarşılamaq niyyətində olublar.
 
Saxlanılanlarla əlaqədar radioaktiv tullantılarla çirklənmiş rayonla bağlı radiasiya təhlükəsizliyi rejimini pozduqları üçün inzibati protokol tətbiq olunub. Materiallar məhkəməyə təqdim edilib. Ukrayna qanunvericiliyinə əsasən onlar cərimələnəcəklər./APA/

MediaFax