Orxan Fərəcli: "Bu hal öncədən depressiyaya düşmüş şəxslərdə daha çox müşahidə olunur”
Yeni ilin gəlişi ilə yan-yörənizdəki insanların deyinməsi, şikayətlənməsi də artıbmı? Biri daha bir yaş qocalmasından, digəri qayğıların artmasından, bir başqası illərin bir-birindən mənasız keçməsindən şikayətlənirmi? Sanki təqvimdəki yeni il insanları öz qayğıları barədə daha çox düşünməyə, düşündükcə dibsiz bir quyuya baş vurmağa sövq edir. İllərin mühasibatını edirlər, yaşadıqları pis olaylara görə təəssüflənir, özlərini danlayır və... depressiyaya düşürlər.
Bəzən yeni başlanğıclar üçün yanvar ayının ilk günlərində ruh yüksəkliyi ilə planlar quran, xəyallar, arzular, hədəflər müəyyənləşdirən insanlar da olur. Yəqin ki, o hesabatla tanışsız. Yanvar ayında dil kurslarına və idman zallarına müraciət edənlərin sayı pik həddə çatır. Çünki insanlar arıqlamaq və xarici dil öyrənməyi özlərinin ən önəmli hədəflərindən sayırlar. Bununla belə, depressiyaya düşənlər də azlıq təşkil etmir.
Psixoloq Orxan Fərəcli saytımıza açıqlamasında bildirdi ki, bu dönəmdə yaşana biləcək tək emosional vəziyyət depresiyyadır. Çünki istənilən dəyişiklik zamanı depressiyanın olması qaçılmazdır: "Elə vəziyyətlərdə bizim daha çox gördüyümüz depressiyalar olur. Bu halsa daha öncə depressiya keçirmiş şəxslərdə xüsusən müşahidə olunan haldır. Bu, təkcə yeni il bayramının girməsi ilə bağlı deyil. Biz buna rol keçidi də deyirik. Tutaq ki, universiteti bitirib, iş həyatına qədəm qoyub. Və ya subay idi, evlənib. Bir statusdan digərinə keçid olanda və ya rol dəyişimi baş verəndə bu kimi hallar müşahidə olunur. O dövrü keçirə bilməyən adamlarda depressiyanın olması mümkündür”.
Müsahibimiz ölkədəki bahalıq, sosial böhranın da bu kimi hallara güclü təsir etdiyini dedi. Onun sözlərinə görə, böhran, gəlirlərin aşağı düşməsi, borclanmanın olması sosial depressiyanın şərtlərindəndir: "Bu, yeni depressiya yaratmasa da, köhnə depressiyaları daha da dərinləşdirə bilər. Yaxud yeni xəstəliklər və depressiv əlamətlər yarada bilər”./musavat.com/
MediaFax