Yəhudilərin hədələnməsi halları artıb - ABŞ-da

"The Guardian" yazır ki, Birləşmiş Ştatlarda yəhudi mərkəz və məktəblərinə bomba təhdidlərinin sayı artıb.

Bu arada Philadelphia-da hakimiyyət orqanları həftəsonu vandalizmə məruz qalmış yəhudi qəbristanlığında baş və sinə daşlarının bərpasına və təmizlənməsinə başlayıblar.

Amerika yəhudilərinin JCC Assosiasiyası bildirib ki, yəhudi icma mərkəzlərinə və yəhudi məktəblərinə 11 ştatda bomba hədəli telefon zəngləri daxil olub.

Buna baxmayaraq heç bir obyektdə bomba partlayışları baş verməyib və sözü gedən müəssisələr normal iş vəziyyətinə qayıdıb. Bu hadisələri FTB araşdırır.

Məqalədə deyilir ki, bu, yanvar ayından bəri beşinci bomba hədəsi dalğasıdır.

Philadelphia-da polis Mount Carmel qəbristanlığında 100-dək başdaşının aşırılması ilə bağlı araşdırma aparır.

Philadelphia meri Jim Kenney deyib ki, hakimiyyət orqanları vandalizm aktını törədənlərin tapılması üçün əlindən gələni əsirgəmir.

Vandalizmi törədənlərin tapılmasına kömək edəcək informasiyaların hər biri üçün 13 min dollar mükafat təyin edilib. Bundan başqa xeyriyyə cəmiyyətləri dağıdılmış yəhudi qəbirlərinin bərpası fonduna pul toplamaqla məşğuldur.

Yəhudi qrupları və siyasi opponentlər prezident Donald Trampı bu hadisələrə reaksiya göstərmədiyinə görə tənqid edirlər.

Ümumiyyətlə, Trampın və onun administrasiya üzvlərinin antisemitizmi barədə söz-söhbətlər milyarder tikinti maqnatı Ağ Evə gələndən bəri dövr edir.

Seçki kampaniyası dövründə Tramp antisemit xarakterli şəkli tvit etdikdən sonra kəskin tənqid olunmuş, lakin bunu qərəzlə etdiyini danmış, həm də həmin şəkli öz hesabından silmişdi.

Bəzi təhlilçilər qeyd edirlər ki, Tramp antisemitizmi ilə tanınan bir sıra müşavirlərinin, əsas etibarilə ifrat sağ təmayüllü Breitbart saytının keçmiş redaktoru, hazırda isə prezidentin baş müşaviri Steve Bannon-un təsiri altına düşüb.

Lakin burası da var ki, Trampın kürəkəni və müşaviri Jared Kushner yəhudidir və qızı İvanka ona ərə gedərkən iudaizmi qəbul edib/musavat.com/
 
MediaFax