Yazıçılar hər ay əsgərlərlə görüşəcəklər - Açıqlama

"Bir müddət öncə Yazıçılar Birliyinin rəhbərliyi ilə müdafiə naziri, general-mayor  Zakir Həsənovla görüşümüz oldu.
 
Ölkə başçısının da diqqətdə saxladığı bu görüşün komissiyanın işinə öz müsbət təsirini verəcəyi qənaətindəyəm. Azərbaycan Yazıçılar Birliyi Hərbi-vətənpərvərlik komissiyası ilə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi arasında memorandum imzalandı. 2017-ci  il üçün tədbirlər planı və proqramı tərtib edildi ki, hazırda bu işlərin həyata keçirilməsi ilə məşğuluq”.

Bunu saytımıza açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik komissiyasının sədri, məşhur döyüş nəğmələrinin müəllifi Şahin Musaoğlu bildirib. Onun sözlərinə görə, həmin görüşdən sonra komissiya tərəfindən tədbirlər planı hazırlanaraq, Müdafiə Nazirliyinə, birbaşa nazir müavini, general-leytenant Kərim Vəliyevə göndərilib.

Orada yazıçıların hərbi hissələrə nə zaman ezam olunmaları, həmçinin, əlavə təkliflər öz əksini tapıb.

Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan Yazıçılar Birliyinin bir qrup nümayəndəsi ilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib.

AYB sədri Anar, Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, akademik İsa Həbibbəyli, qurumun katibi Rəşad Məcid və başqalarının iştirakı ilə keçirilən görüşdə bir sıra vacib təkliflər irəli sürülüb.

Onların arasında tədbirlər planının hazırlanması, şair və yazıçıların mütəmadi olaraq hərbi hissələrə ezam olunması və s. kimi təkliflər yer alıb.

Şahin Musaoğlu açıqlamasında yaradıcı zabit və əsgərlərlə bağlı xüsusi layihələrin həyata keçiriləcəyini də vurğulayıb: 

"AYB-in müvafiq komissiyasının sədri  olaraq, bu yaxınlarda müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə görüşdüm. Komissiyada təxminən 20-25 təklifdən ibarət paket hazırlandı. AYB sədri Anar müəllim həmin təklifləri gözdən keçirib, tövsiyələrini verdikdən sonra  paketi nazir müavininə təqdim etdik. Hazırda onlardan cavab gözləyirik. Onlar da təkliflərini göndərdikdən sonra AYB-dən  Anar müəllim, qarşı  tərəfdən isə müdafiə naziri görüləcək işləri, tədbirlər planını təsdiqləyəcək.

Biz də onun əsasında hərəkət edəcəyik.

Şair-yazıçıların hərbi hissələrə ezamından tutmuş, bayram və hüzn günlərində TTM və AYB-nin Natəvan klubunda yaradıcı hərbçilərlə görüşlər də nəzərdə tutulub. Həmçinin, planda yaradıcı zabit və əsgər heyəti arasında ədəbi müsabiqə keçirmək, o cümlədən, bəzilərinin AYB-yə üzv seçilməsi ideyaları da var”.

Qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın sözlərinə görə isə şair-yazıçılar ayda bir dəfə  hərbi hissələrə gedəcəklər: 

"Bununla bağlı Hərbi-vətənpərvərlik komissiyası illik tədbirlər planı hazırlayıb. AYB Mətbuat xidməti, AYB.az saytı da bu tədbirlərdə yaxindan iştirak edəcək. İllik tədbirlər planında hərbi hissələrdə yazıçı və şairlərin görüşlərinin keçirilməsi, hətta ayda bir dəfə arzu edənlərin iki gün müddətinə hərbi hissələrdə əsgərlərimizlə bir yerdə qalıb onlara yaradılan şəraitlə yaxından tanış olmaq imkanları olacaq”./modern.az/

MediaFax