Yaşlı qadın oğrunu bağışladı: “Bir qələtdir, edib”

Bakıda xanımlara qarşı silsilə şəkildə hücumlar edərək, onların qızıl-zinət əşyalarını oğurlayan Rəşad Məlikovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərdən biri ifadə verib.

Zərərçəkmiş Tahirə Hüseynova deyib ki, ona qarşı soyğunçuluq hadisəsi bu il aprelin 29-da edilib. Ancaq zərərçəkmiş yaşlı qadın bildirib ki, ona qarşı soyğunçuluq edən şəxsin Rəşad Məlikov olduğunu dəqiq bilmir: "Evə qalxanda gördüm ki, arxadan kimsə gəlir. Yaşlı adamam, asta-asta qalxıram. Kənara çəkilib yol vermək istədim. Arxadan yaxınlaşdı, əllərinin qulağıma dəydiyini hiss elədim. Birdən qaçdı, ancaq qaranlığı gördüm. Əlimi qulağıma atanda gördüm sırğa yoxdur. Qulağımdan qan gəldi".

Hakimin sualına cavab verən Tahirə Hüseynova sırğanın rəhmətlik anasından yadigar qaldığını, dəyərini bilmədiyini söyləyib. T.Hüseynova şikayətçi olmadığını da qeyd edib: "Gedib-gəlməkdən bezmişəm. Yaşlı adamam, yoruluram. Bilirəm ki, xeyri yoxdur. Dəymiş zərər də ödənilməyib. İstəmirəm də... Cavan adamdır, bir qələtdir edib, bağışlayıram".

Təqsirləndirilən Rəşad Məlikov Tahirə Hüseynovanın sırğasını oğurlamadığını deyib: "Bunu mən etməmişəm. Boynuma yükləyiblər".

Digər zərərçəkmişlər məhkəmənin yanvarın 11-nə təyin olunmuş iclasında ifadə verəcəklər.

Qeyd edək ki, Rəşad Məlikov Bakıda bir neçə qadına qarşı soyğunçuluq edib.

Binəqədi rayon sakini olan R.Məlikovun Yasamal, Nəsimi və bir neçə rayonlarda cinayət əməlləri törətdiyi bildirilir.

R.Məlikov 6 xanıma qarşı soyğunçuluqda və "MilliÖn" aparatlarından oğurluqda təqsirli bilinir./musavat.com/

MediaFax