Yarımçıq binalar Bakının xarici görünüşünü korlayır - Açıqlama

Paytaxt Bakı hündürmərtəbəli binalarla zəngindir.
 
Göz oxşayan binalar paytaxta estetik gözəllik verməklə yanaşı, sakinlərin ev probleminin həll olunmasında da mühüm rol oynayır. Amma təəssüflər olsun ki, Bakıda tikintisi yarımçıq qalmış binalara da rast gəlinir. Dünya ölkələrinin təcrübəsində bu cür yarımçıq saxlanılmış binalar ya hərraca çıxarılır, ya da dövlət tərəfindən satın alınır. Bundan sonra isə binanın tikintisi başqa şirkətə həvalə edilir. Çünki zaman keçdikcə bina aşınmaya məruz qalır.

Yarımçıq binalar Bakının ümumi görünüşünə necə təsir göstərir? Bu binaların tamamlanması üçün hansı addımlar atılmalıdır?
 
Məsələ ilə bağlı saytımıza Şəhərsalma üzrə ekspert Aytəkin İmranova açıqlama verib.
 
Ekspert hazırda Bakını heç tam hazır tikililərin memarlıq  və estetik cəhətdən təmin etmədiyini bildirib.

"O ki, qaldı yarımçıq tikililərə... Onların vəziyyətindən isə danışmağa dəyməz. Bakının bir neçə yerində yarımçıq binalara rast gəlinir. Bakıda elə yarımçıq binalar var ki, onları 3-5 ildən sonra tikməyə başlayırlar. Bunun səbəblərindən biri də hansısa icra hakimiyyəti başçısının və situasiyanın dəyişməsidir. Bu kimi hallar baş verən kimi inşaat işləri dondurulur və ya ləğv olunur. Bütün bunların hamısı isə idarəçilikdə olan qüsurlardan irəli gəlir”.
 
Aytəkin İmranova deyib ki, yarımçıq binalar Bakının xarici görünüşünə çox mənfi təsir göstərir.

"Çünki bu binalar yarımçıq olduqca, necə var elə də qalmır. Küləyə, yağışa məruz qalaraq hər dəfə öz keyfiyyətini itirir. Bununla da daha çox mənfi obraz yaranır. Bu binaların belə qalmağı həm pulun, həm də böyük bir vaxtın itkisidir. Ümumiyyətlə, yarımçıq bir şey heç vaxt müsbət nəsə ola bilməz”.
 
Ekspert hesab edir ki, yarımçıq binaların belə qalmasına səbəb müəyyən razılaşmaların olmamasıdır.

"Büdcədən də daha çox təmir-tikinti və abadlıq işlərinə sərmayə qoyulur. Amma bununla yanaşı, tikinti sahəsi hazırda ən başıpozuq sahədir. Bu yarımçıq binalar rayon ərazisindədirsə, həmin rayonun birbaşa olaraq icra hakimiyyətinin nəzdində tikinti idarəsi və baş memarı  müəyyən tədbirlər görməlidir. Həmçinin şəhər icra hakimiyyətindən və şəhərin baş memarı tərəfindən də  yarımçıq tikililərlə bağlı tədbirlər görülməlidir. Onlar bu məsələ ilə bağlı davamlı olaraq monitorinq keçirməlidirlər”. 
 
Aytəkin İmranovanın sözlərinə görə, Bakıda sökülməsi lazım olmayan binaları sökürlər.

"Yaxşı binaları tikmək üçün söküntüyə ehtiyacı olmayan binaları sökmək lazım deyil. Ondansa, bu yarımçıq binaları tam ərsəyə gətirmək lazımdır. Niyə nə isə tikmək üçün mütləq nəyisə sökmək lazımdır. Bu binalar norma və standartlara uyğun gəlirsə, buna ehtiyac yoxdur. Hər halda, yarımçıq binanı tikib tam başa vurmaq daha ucuz başa gələr. Həmçinin Bakıda olan yarımçıq binaları aradan qaldırmaq üçün müəyyən tenderlər keçirilməlidir. Əgər o yer qanunidirsə, yaşıllığa, komunikassiyaya və yaxınlıqdakı tikililərə ziyan gətirmirsə, həmin yarımçıq binanın xərci tenderi udan şəxs tərəfindən ödənilər və bu binanın tikintisi tam həyata keçirilər. Bundan əlavə həmin yarımçıq binaların tam şəkildə hazırlanmasına digər sahibkarlar da cəlb oluna bilər”./modern.az/
 
MediaFax