Azərbaycan prezidenti İlham Əliyev ARDNŞ-nin "Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti baş vermiş hadisə zamanı itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini, Nazirlər Kabineti isə hadisə nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti isə hadisə nəticəsində "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinə dəymiş zərəri və məntəqənin yararlılıq vəziyyətini müəyyənləşdirməli, hadisənin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməli, tabeliyində olan müəssisələrdə obyektlərin və qurğuların texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun istismar edilməsi və onların təhlükəsiz istismarı müddətlərinə riayət olunması vəziyyətini araşdırmalı və aşkar edilmiş nöqsanları aradan qaldırmalıdır.
Baş Prokurorluğa tövsiyə edilib ki, baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirsin.
MediaFax