Xəzərdə balıq qıtlığı yaranıb - Araşdırma

Son zamanlar Xəzər dənizinin Bakı ərazisinə düşən sahillərində balıq tutmaq müşkülə çevrilib.
 
Bu barədə məlumat verən balıqçılar bildiriblər ki, iki aydan çoxdur  balıq üzünə həsrətdirlər. Onların sözlərinə görə, buna səbəb dənizin həddindən artıq ekoloji çirklənməyə məruz qalmasıdır. Bunun nəticəsində peşəkar balıqçılar belə dənizdən balıq tuta bilmirlər. 

Balıqların Bakının sahilboyu ərazilərindən uzaqlaşmasının daha bir səbəbi kimi müxtəlif neft kooperasiyalarının dənizdə apardıqları təcrübələr, süni partlayışlar da əsas gətirilir. Belə ki, partlayış nəticəsində həm də dənizin suyunda çirklənmə yaranır və bu hal da balıqların suyun dərinliklərinə doğru getməsi ilə nəticələnir. 

Bəzi iddialara görə, sentyabr ayında "BP-Azərbaycan” şirkəti Bakı-Salyan şossesinin 5-50-ci kilometrliyində Xəzər dənizinin sahil boyu ərazilərində neft hasilatı prosesi ilə bağlı xüsusi kəşfiyyat partlayışları həyata keçiriblər. Partlayışın təsirindən  sahilboyu ərazilərdəki balıqlar suyun dərinliklərinə çəkiliblər. İddia olunur ki, şirkət dənizdə ara-sıra bu cür tədqiqatlar həyata keçirir. Hər tədqiqat sonrası isə bir neçə ay dənizdə balıqlar gözə dəymir. 

Bütün bunlar ölkədə balıq məhsullarının da kəskin şəkildə azalmasına səbəb olub.

Təsadüfi deyil ki, ölkədə balıq məhsullarının qiymətində də son zamanlar artım müşahidə olunur. 

Məsələ ilə bağlı "BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu ünvanladıq. Şirkətdən sorğumuza cavab olaraq  aşağıdakılar bildirildi:

"Sorğunuza cavab olaraq bildiririk ki, ”BP Azərbaycan" şirkəti Bakı-Salyan şossesinin 5-ci kilometrliyindən 50-ci kilometrə qədər olan  sahil boyu, yaxud da sahilə yaxın ərazilərdə, dənizdə, heç bir axtarış-kəşfiyyat işi və digər  tədqiqat aparmır". 

Onu da qeyd edək ki, təkcə Xəzərdə deyil, son illərdə ölkə boyunca əksər su hövzələrində - kanallarda, göllərdə də balıq azalıb. Bunun səbəblərinə gəlincə, balıqlara bir növ genosid edilməsidir. Belə ki, əksər kanallara, göllərə torlar qurulur, hətta bir çox su hövzələrində brakonyerlər elektrik cərəyanı, zəhərli maddələr atmaqla balıqların və digər su heyvanlarının kökünü  kəsirlər. Buna ciddi nəzarət edilməsi zərurətə çevrilib. 

Məsələ ilə bağlı ekoloq Telman Zeynalov ki, əslində Xəzərdə balığın olmamasının səbəbi başqadır: "Son dövrlər Xəzər dənizi bir o qədər də çirkləndirilmir. İkincisi də nərə və digər balıqların nəsli  artıq tükənir. Çünki biz  dənizə balıq yetişdirib buraxmırıq. Daha çox Rusiya,  Qazaxıstan və İran yetişdirir. Əsas məsələ də budur. Gərək birincisi bəsləyəsən, sonra da ovlayasan. Neft istehsalı ilə məşğul olan şirkətlərə gəlincə isə deyə bilərəm ki, artıq bütün bunlar da düşünülür. Son zamanlar tətbiq olunan müasir texnologiya sayəsində Xəzər dənizi elə də çirkləndirilmir. Sovetin dövründə belə bir hallar müşahidə olunurdu. O zamanlar çirklənmə var idi. İndi isə müstəqil dövlətik. Kim istəyər ki, öz gəlirindən əl çəksin. Hazırda məlumdur ki, dəniz də müxtəlif məmurlar arasında bölüşdürülüb, hasarlanıb. Əgər oradan pul qazanırlarsa, hansı məmur istəyər ki,  pulunu çölə atsın? Bu səbəbdən neft hasilatında  tətbiq edilən üsullara, çirklənmə səviyyəsinə onlar da nəzarət edirlər. Həvəskar balıqçılar təbii ki, şikayətlənə bilərlər.  Çünki brakonyerlər balıqların qarşısını gəmilərlə, torlarla, digər qurğularla kəsirlər, heç qoymurlar ki, balıq sahilə gəlsin”./musavat.com/

MediaFax