Xəstə atların əti hara gedir? - Açıqlama

Bir neçə gün əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Yevlax rayon sakini Rəmzi Həsənovu 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyərkən saxlayıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib.
 
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.
       
Qeyd edək ki, bu, Azərbaycanda ilk belə hadisə deyil. Biz son vaxtlar tez-tez "dana əti adı altında satılan at ətləri aşkarlandı” məlumatlarına rast gəlirik.
 
Maraqlıdır, Azərbaycanda bu qədər çox at var ki, hələ dana əti adı altında da  satırlar?

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli saytımıza deyib ki, ölkədəki atların sayı kifayət qədər çoxdur:

"Atlar çoxdur. Var ki, ətini satışa çıxarırlar, xəstə heyvanları kəsimə verirlər”.

O qeyd edib ki, Yevlaxda aşkarlanan ətlərdən götürülmüş nümunələrin laborator müayinələri davam etdirilir:
 
"Nəticələr bəlli olduqdan sonra ictimaiyyətə açıqlanacaq. Qalan araşdırmalar hüquq mühafizə orqanları tərəfindən aparılır”.
 
Cəmiyyətdə yararsız, ölü, xəstə atların, inəklərin kolbasa-sosiska sexlərinə verildiyinə dair fikirlər formalaşıb. Y.Xanvəli bu haqda məlumatsız olduğunu bildirib.
 
Qurum rəsmisi deyib ki, ötən il 65 tondan yuxarı ət aşkarlanıb ki, bunun da 5 tonundan çoxu at əti olub:

"Cari ildə də işlər davam etdirilir. Biz həmin ətin kolbasa sexlərinə verildiyinə dair araşdırma aparmamışıq. Bəlkə mütəxəssislərdə belə bir informasiya var, amma məndə yoxdur”.
 
Xatırladaq ki, Yevlaxda qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir./modern.az/

MediaFax