Xərçəng xəstələrinin sayı artıb - Azərbaycanda

"Dünyada bütün xəstəliklərdə artım müşahidə olunur. Xərçəng xəstəliyi də buraya aiddir və bu, reallıqdır".

Bunu Azərbaycanın baş onkoloqu Azad Kərimov deyib.

O bildirib ki, Azərbaycanda da xərçəng xəstələrinin sayında artım var: "Azərbaycanı qonşu ölkələrlə müqayisə etsək, görərik ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayı azdır. Azərbaycanda 2015-ci ildə 42 min xərçəng xəstəsi qeydiyyatdan keçib. 2016-cı ilin statistikası hələki hazır deyil. Qeydiyyatda olan xəstələrin 15 mini 5 il və daha çox yaşayanlardır. İnanın, onların arasında 25-28 il yaşayanlar da var. Ölüm halı isə 4-5 mindir. Bu, elə də nəzərəçarpacaq rəqəm deyil".

Baş onkoloq deyib ki, uşaqlar arasında da xərçəng xəstəliyinə rast gəlinir. Onun sözlərinə görə, 2013-cü ildən indiyədək 600 uşaq müayinədən keçib: "Uşaqlar vaxtında müalicə olunarsa, tez sağala bilərlər. Xərçəng xəstəliyindən qorxmaq lazım deyil, bu da digər xəstəliklər kimidir. Yəni, 100 faiz sağalmaya nail olmaq mümkündür. Bunu təbliğ etmək lazımdır ki, insanlar vaxtında müayinə olunsunlar".

A.Kərimov vurğulayıb ki, Azərbaycanda xəstələrə düzgün diaqnoz qoyulur və buna şübhə ola bilməz./report.az/

MediaFax