Xarabalığa çevrilən park... - Fotolar

Nərimanov rayon sakinləri Atatürk prospektində yerləşən parkın (Təqaüdçülər parkı) durumundan şikayətçidirlər.
 
Sakinlər bildirirlər ki, park günbəgün xarabalığa çevrilir. Skamyalar sındırılır, işıq dirəkləri isə lampasız qalıb. 

Söylənənlərin nə qədər real olub-olmamasını öyrənmək üçün yuxarıda qeyd etdiyimiz parka yollandıq. Müşahidə etdik ki, sakinlərin söylədikləri kimi park kafe və dönərxanaların ard-arda düzüldüyü, yararsız vəziyyətdə olan əraziyə çevrilib.

Öyrəndik ki, bu park əvvəllər təqaüdçülər parkı kimi tanınıb. Lakin burada heç də təkcə təqaüdçülər istirahət etməyiblər. Parkda karusellər fəaliyyət göstərib və vaxtı ilə bura işıqlı, təmiz bir yer olub. Bayramlarda isə parkın ərazisində səhnə qurulub, konsert verilib. Ancaq hazırda parkın haqqında bunları söyləmək çətindir.

Sakin Kərim Qəmbərov bildirdi ki, əsas problem, gecələr bu ərazinin zülmət içərisində olmasıdır: "Yolun sol tərəfində piyada yolu olmadığı üçün insanlar parkın ərazisi ilə hərəkət edirlər. Buradan cavan, qoca, qız, oğlan, bir sözlə hər kəs keçir. Hələ park kimi buradan danışmıram. Bir yol kimi götürsək, yenə də vəziyyət bərbaddır. Bu boyda ərazi hava qaralan kimi zülmət qaranlığa qərq olur. Günah parka baxanlarla yanaşı, həm də sakinlərindir. Çünki onlar da parka qarşı çox amansız davranıblar. Hər on metrdən bir demək olar ki, işıq dirəyi olsa da, heç biri işlək vəziyyətdə deyil. Diqqət edin ki, bu qədər elektrik dirəklərindən bir dənəsi də olsun, işləmir. Bundan əlavə, getdikcə parkın ərazisində kafelər açıldı və bunların sayı günbəgün artdı. İndi isə parkın içi kafelərlə doludur. Hazırda qış fəslidir, ona görə də kafeyə gələnlər içəridə oturublar. Yay aylarında ümumiyyətlə, səs-küydən burada oturmağa imkan yoxdur. Lap səs olmasa da, oturmağa sağlam skamya da tapmırıq, axı...”

Parkın ərazisində dolaşdığımız zaman biz də deyildiyi kimi, işlək vəziyyətdə olan işıq dirəyi görmədik. Dirəklər yerində olsa da üzərindəki lampalar sındırılmışdı. Skamyalar isə olduqca köhnədir. 

Sakinlər bildirdilər ki, Nərimanov rayonu ərazisində son illər xeyli sayda parklar salınıb, abadlıq işləri aparılıb: "Biz bütün bu kimi işləri müsbət qiymətləndiririk. Ancaq bu parkı da abadlaşdırsalar, yaxşı olar. Heç olmasa, pilləkənləri təmir etsinlər ki, axşamlar qaranlıqda yol gedəndə ayağımız ilişib, yıxılmayaq. Əvvəllər bura belə deyildi. İndi bəlkə də yol kənarına əkilən ağaclar böyüyüb, kənardan bura diqqət çəkmədiyi üçün bu gündədir”./musavat.com/
 








MediaFax