2017-ci ilin FİFA hakimlərinin UEFA kateqoriyaları açıqlanıb.
UEFA zona üzrə baş hakimləri elit, 1-ci, 2-ci və 3-cü kateqoriyalara bölüb. Azərbaycan hakimlərindən Əliyar Ağayev 2-ci, Rəhim Həsənov 3-cü kateqoriyada qalıb. FİFA statusunu yeni əldə edən Ömər Paşayev də sonuncular sırasındadır.
Siyahının ən diqqətçəkən məqamı isə məhz Ə.Ağayevlə bağlıdır. Onun 1-ci kateqoriyaya yüksələcəyi barədə xəbərlər yayılsa da, bunların şayiədən başqa bir şey olmadığı üzə çıxıb. Belə ki, təmsilçimiz 2-ci kateqoriyadan irəli gedə bilməyib.
Həmin şayiə AFFA rəsmiləri, qurumun Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov tərəfindən sızdırılıb, sonra isə televiziya ilə rəsmən açıqlanıb. Həmin dezinformasiyanın mətbuata çıxmasının və ciddi qəbul edilməsinin səbəbi Xəqani Məmmədovdur. Çünki FİFA hakimlərinin adları, həmçinin kateqoriyalarını ölkəmizdə ilk bilən məhz Məmmədov və onun komitəsi olur.
X.Məmmədov ötən həftə Xəzər TV-yə açıqlama vermişdi ki, "Hakimimiz Əliyar Ağayev UEFA-nın 1-ci kateqoriyasını alıb". Bu yalandan sonra X.Məmmədovun nə deyəcəyi maraqlıdır.
Qeyd edək ki, Məmmədovun adı rüşvət qalmaqalında da hallanırdı. Mediada yayılan videoda onun "Heç-heçəyə 15 dənə verirlər, qonaqlar" sözü rüşvət iddiasını ortaya qoymuşdu. Həmin video 2001-ci il iyulun 28-də UEFA Kuboku turnirində "Osiyek (Xorvatiya) - "Dinaburq” (Latviya) komandaları arasında keçirilmiş cavab oyununda lentə alınıb.
Görüntülərdə eşidilən dialoqlarla bağlı KİV-də olan iddialara əsasən, matçın yan xətt hakimi Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov oyunun 72-ci dəqiqəsində baş hakim Asim Xudiyevə Latviya klubunun nümayəndələrinin qələbə müqabilində rüşvət təklif etdikləri ilə bağlı xəbər çatdırmağa çalışıblar.
Qeyd olunmuş videogörüntülər ictimailəşən kimi AFFA məsələnin araşdırılması üçün xüsusi komissiya yaratmışdı. Komissiya bu məsələni araşdırmış, oyunun gedişatını, hakimlərin qərarlarını geniş təhlil etmiş, hadisənin canlı şahidlərinin fikirləri öyrənmiş və iddia olunan rüşvət faktının öz təsdiqini tapmamağı ilə bağlı qərar qəbul edib./musavat.com/
MediaFax