Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından ayrılıb.
Bu barədə saytımıza sözügedən teatrdan məlumat verilib. Sənətkarın bu addımı Akademik Milli Dram Teatrından işdən qovulan Hikmət Rəhimova qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq atdığı deyilir.
Məlumata görə, F.Poladov teatrın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovdan Hikmət Rəhimovun geri qaytarılmasını xahiş edib. Müsbət cavab ala bilməyən sənətkar teatrda oynayacağı rolları ilə vidalaşaçağını dilə gətirib.
Xalq artisti Fuad Poladov saytımıza açıqlamasında məsələ ilə bağlı əlavə şərh verə bilməyəcəyini deyib.
Aktyor Hikmət Rəhimov isə məsələni təsdiq edib: "Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə oradakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını açıqlayan Fuad Poladovdur. İnanın səmimiyyətimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.
Qeyd edək ki, Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında "Şah Qacar” tamaşasında baş rolun ifaçısı olub. Tamaşanın rejissoru isə Azər Paşa Nemətovdur./aznews.az/
X X X
"Fuad Poladov hazırda Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir”.
Bunu saytımıza açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib.
O deyib, oktyabrın 28-də Fuad müəllimin rol aldığı "Müsyo İbrahim və Quran çiçəyi" tamaşası nümayiş olunacaq: "Bu ay ərzində isə Fuad müəllim "Şah Qacar" tamaşasında çıxış edib”.
Xatırladaq ki, bu gün saytlarda Xalq artisti Fuad Poladovun Akademik Dövlət Dram Teatrından istefa verməsi barədə məlumatlar yayılıb./moderator.az/