“Xaləddin İsgəndərov da təqsirli bilinməlidir” - “Binəqədi yanğını” işi

İcra başçısının məktubunda nə yazılmışdı?
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

Virtualaz.org saytını xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Cinayət işinin 13-cü cildində olan sənədlər elan edilib. Miryusif Mahmudovun vəkili İlhamə Həsənova işin içərisində olan Nərimanov rayon Polis İdarəsinə göndərilən məktubun elan olunmasını istəyib.

Digər müdafiəçi Cavid Rzazadə isə keyfiyyət işlərinə nəzarət edən şəxslərin, o cümlədən Rauf Məmmədovun ifadəsinin elan olunmasını xahiş edib.

Hakim həmin hissələrin prosesdə elan ediləcəyini bildirib.

Sənədlərin tədqiqi zamanı istintaqda şahid qismində dindirilən Tural Məmmədovun və Mirələddin Cavadovun ifadələri elan edilib.

Vəkillər bidirib ki, onlar istintaqa ifadə versə də, şahidlər siyahısına salınmayıb.

Tural Məmmədov istintaqa verdiyi ifadəsində bildirib ki, Azadlıq prosopektində binaların üzlənməsi zamanı sahə rəisi olub.

Cinayət işinin 14-cü cildində Binəqədi rayon İcra Hakimiyyəti başçısının baş prokurorun 1-ci müavini Rüstəm Usubova göndərdiyi məktub elan edilib. Məktubda Binəqədi rayon icra hakiminin birinci müavini Qüdrət Seyfullayevin sərəncamla işdən azad edilməsi qeyd edilib.

Məktubda həmçinin müxtəlif illərdə icra hakiminin müavinlərinin işə götürülməsi, çıxarılması və vəzifə bölgüləri ilə bağlı məlumatlar qeyd edilib.

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki, şirkət binaların üzlənməsi ilə bağlı təhvil-təslimi birbaşa Qüdrət Seyfullayevlə aparıb: "Onun özü də hər şeyin yerində olduğunu, heç bir şikayətlərinin olmadığını deyib. Qüdrət Seyfullayevlə bağlı heç bir tədbir görülməyib".

Daha sonra FHN-nin Baş Prokurorluğa ünvanladığı məktub açıqlanıb. Bildirilib ki, "Qlobal Stone” MMC və "Global Construction” MMC-nin Hökməli qəsəbəsində poliuretanların istehsalat sexinə baxış keçirilib. Baxış zamanı materialların yanan məhsullar qrupuna aid olduğu müəyyən olunub. Binəqədi rayon Icra başçısı Xaləddin Isgəndərovun baş nazirin müavini Abid Şərofova göndərdiyi məktub elan edilib. Sənədlərin tədqiqi mərhələsində yanğına görə həbs edilən şəxslərdən olan Binəqədi rayon icra başçısının müavini olmuş Qəzənfər Novruzovun səlahiyyətləri elan olunarkən onun vəkili etiraz edib.

Vəkil qeyd edib ki, əgər yanğın baş verən binada aparılan işlərə, görülən işlərin keyfiyyətinə və təhvil-təsliminə görə Q.Novruzov təqsirli bilindiyi qədər icra başçısı Xaləddin İsgəndərov da təqsirli bilinməlidir.

Vəkil bunu onunla izah edib ki, hüquqlarını müdafiə etdiyi Q.Novruzovdan əvvəl səlahiyyətli şəxslər icra başçısı və digər vəzifəli məmurlardır. Bu səbəbdən də günahkar şəxs kimi Q.Novruzovun göstərilməsi doğru deyil.

Məhkəmədə sənədlərin tədqiqi zamanı vəkillər FHN-in binada aparılan təmir işləri ilə bağlı verdiyi rəyləri, binaların üzlənməsində istifadə olunan poliuretan məhsullarının yanan material olmaması və daha sonra qismən yanan material olması ilə bağlı verilən rəyləri imzalayan şəxslərin məhkəməyə gətirilməsi və dindirilməsini tələb ediblər.

MediaFax