“WikiLeaks” Türkiyəni hansı sənədlərlə qorxudur?

Sülhəddin Əkbər: "Qiyamda böyük koalisiya görürəm; Türkiyə hökuməti bu prosesdə informasiya və sosial-psixoloji savaşın da olduğunu bilir”

"WikiLeaks” Türkiyə ilə bağlı açıqlamağı vəd etdiyi gizli sənədləri və yazışmaları öz saytına yerləşdirib. Saytda Türkiyədəki 762 elektron poçt ünvanından 294 min 548 yazışma və minlərlə əlavə dosye açıqlanıb. "E-mail”lərin ən yenisi 6 iyul 2016-cı il tarixli, ən köhnəsi isə 2010-cu il tarixlidir. Dosyelar daha çox AKP iqtidarı ilə bağlıdır. 

Məlumatın dərc olunmasının ardından Türkiyə hökuməti "WikiLeaks”ə girişi bağlayıb. "WikiLeaks”in xəbəri məhz qardaş ölkədə qiyamın fəsadlarının aradan qaldırıldığı vaxtda üzə çıxarması suallar doğurub. Ekspertlər hesab edirlər ki, sayt bu yolla qiyamda Qərbin əlinin olması ilə bağlı iddiaların gündəmdən çıxarılmasına çalışır. Çünki hərbi çevriliş cəhdində Amerikanın pərdəarxası iştirakı ilə bağlı iddialar günbəgün ciddiləşir.

"WikiLeaks”in Türkiyə ilə bağlı yaydığı sənəd və yazışmalar bu yöndə fikirlərin daha da çoxalmasına səbəb olub. Xüsusilə Türkiyə hökumətinin ərazisində saytın girişini dayandırmasının Avropa ilə münasibətlərin pisləşməsinə səbəb ola biləcəyi də vurğulanır.

Sabiq MTN-çi, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər gələcək müharibələrin xarakterinin artıq dəyişdiyini bildirdi: "İndi bu müharibələrə ”qarışıq müharibələr" deyilir. Amma düşünürəm ki, buna strateji müharibə desək, daha düzgün olar. Çünki geniş döyüşlərdir. Burada yalnız hərbi gücdən istifadə olunmur. Burada qeyri-hərbi, geniş arsenaldan istifadə edilir. Xüsusi vasitələrlə həyata keçirilən əməliyyatları nəzərdə tuturam. Türkiyədə son baş verənlər strateji əhəmiyyət daşıya bilər. Bunun birinci "ayağını” gördük ki, fiziki gücdən istifadə olundu. Çevrilişə uğursuz cəhd gördük. Bunun ardınca hansı alətlərdən istifadə olunacağını bilmirik. Çünki əlimizdə kəşfiyyat məlumatları yoxdur. Ola bilər ki, çoxmərhələli plan hazırlansın. Bunlara çoxmərhələli proses kimi baxılır. Bunun kompromatlarından biri də informasiya, sosial-psixoloji savaş olduğu nəzərdə tutulur. "WikiLeaks”ın məlumatlarının hansı xarakterdə olduğunu bilmədiklərinə görə, belə yönləmə alırlar ki, ümumiyyətlə, durdursunlar".

Sabiq MTN-çi saytın girişinin Türkiyədə dayandırılmasına da toxundu: "Proses başlayandan bir neçə saat sonra gəldiyim qənaət ondan ibarətdir ki, bu planda Türkiyəyə düşmən olan yad güclərin əlləri var. Çünki hər bir dövlətin kəşfiyyat orqanının, cinayətkarın belə davranış biçimi var. Qiyama qoşulanların davranışlarına diqqət edib belə fikrə gəlmişəm ki, bu hadisəni planlaşdıranlar xaricilərdir. Ən azından xaricilər bu planlaşdırmada iştirak ediblər. Xarakter baxımından amansız düşmənin davranış biçimini görürəm. Prezidentin öldürülməsi planının olması, Türkiyə parlamentinin vurulması, tankların əhali üzərinə sürülməsi, vertolyot və pulemyotlardan atəş açılması kimi hallar indiyə qədər Türkiyədə baş verən bu tipli hadisələrdə olmayıb. Bu baxımdan, xarici əlin olduğunu düşünürəm, amma bu bir versiyamdır. Bunun üçün əldə kifayət qədər dəlil-sübutlar olmalıdır. Çünki kifayət qədər ciddi iddialardır. Açığı, qiyamda böyük koalisiya görürəm. Burada təkcə Fətullah Gülən tərəfdarlarından istifadə olunmayıb. Ordu içərisində və digər qurumlarda olan qüvvələrdən də istifadə olunub. Gələcəkdə biz bunların şahidi olacağıq. Doğrudur, hakimiyyətdən narazı qruplar var və onlar qiyamda iştirakçı ola bilərlər. AKP iqtidarı dövründə hərbiçilərin səlahiyyətlərinin aşağı salınmasından narazı olanlar da burada var. 

Eyni zamanda Türkiyə daxilində xarici ölkələrin agentura şəbəkəsi var. Sadaladığım belə çoxsaylı amillər var. Burada xarici dövlət bir olmaya da bilər. Bu baxımdan, nəticə çıxarmağa tələsmək lazım deyil. Ciddi məsələ olduğuna görə yaxından izləməliyik və nəticələr çıxarmalıyıq. Türkiyə hökuməti burada informasiya və sosial-psixoloji savaşın olduğunu da bilir. Ona görə də saytın girişinin birbaşa dayandırılması qərarına gəlib. Məlumatlarda müxtəlif məqsədlər daşıyan xəbərlər ola bilər. AKP hökumətinin nüfuzdan salınması niyyəti də bu xəbərlərdə gözlənilir. Görünür, Türkiyə hökumətinin əlində konkret faktlar olmadığına görə gərginliyin artmaması üçün belə addım atılıb. 

Amma bağlanmasına baxmayaraq, müxtəlif metodlarla məlumat bir müddətdən sonra yəqin ki, yayılacaq. Bu proseslərin arxasında duranlar çox böyük güclərdir. Özü də ağlı olan güclərdir. Bəzilərindən fərqli olaraq, düşünürəm ki, bu, çox ciddi hazırlanmış, geniş tavanlı bir prosesdir. Yaxınlarda da bir proses olacağını düşünürəm. Bütün bunların bir müddət davam edəcəyi qənaətindəyəm. Hansı məlumatların yayılacağını gözləmək lazımdır. Biz də bu informasiyaları biləcəyik. İndi texnologiya o qədər inkişaf edib ki, bunun qarşısını almaq mümkün deyil. Yayılan məlumatların əsasında konkret fikir söyləmək mümkündür. Xəbərin məhz indi yayılmasında bir sorun yoxdur. Amma nə məqsədlə yayılması üçün məlumatlara baxmaq lazımdır”./musavat.com/
 
MediaFax