Vulkanik zonada yaşayanlar təhlükə qarşısında qalıb

Binəqədi rayonu, Xırdalan şossesi 13 ünvanında yaşayan ailələr hər an təhlükə qarşısındadır.
 
Belə ki, ölkənin ikinci ən aktiv vulkanlarından olan Keyrəki palçıq vulkanının yaxınlığında yaşayış məntəqəsi salınıb. Vulkanın qaynama nöqtəsi dəniz səviyyəsindən təqribən 300 metr yüksəklikdə olması ətrafda yaşayan insanların həyatını təhlükə altına atır. Buna baxmayaraq onlarla ailə məcburiyyətdən burada yaşama riskini gözə alırlar.

Qeyd edək ki, Keyrəki vulkanı bu vaxta qədər 17 dəfə püskürüb. Bu vulkan Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. 

Daha intensiv püskürmə 1952-ci ildə baş verib, bir neçə saat ərzində 30 ha yerin səthi 375 m 3 lava ilə örtülüb. 2001-ci ilin iyun ayında onillik sakitlikdən sonra yenidən güclü püskürmə baş verib. Püskürmə müəyyən fasilələrlə 2.5 saat davam edib. 2002-ci ilin fevralın 28-də gecə, növbəti nisbətən zəif püskürmə oldu. 

Keyrəki vulkanı sonuncu dəfə 12 oktyabr 2014-cü il, güclü partlayışlarla müşahidə edilib. Püskürmə nəticəsində xaric olan lava 200 metrə qədər uzanıb.

Son 4-5 ildir ki, Keyrəki vulkanı dağının ətrafında yaşayış evləri tikilir. Bu ərazinin təhlükəli olmasına baxmayaraq hər il yaşayış sahələri artmaqdadır. Bu ərazidə torpaq ucuz olduğundan əhali buraya axın edir. Əvvəllər torpağın sotunu 1000 manata satılırdısa, indi 2-3 min manata əl-əl axtarılır. Bir sözlə vulkanın ətrafında boş torpaq tapmaq çətindir. Hamısı satılıb.

Adının çəkilməsini istəməyən sakin vəziyyəti belə izah etdi: "2012-ci ildən burada məskunlaşıram. Buradan torpaq alanda vulkan olduğunu bilmirdim. Sonradan biləndə gec oldu. Sonuncu dəfə 2014-cü ildə vulkan püskürdü. Evdə idik. Uğultu səsləri gəlirdi, yer titrəməyə başladı. Palçıq vulkanı qaynayıb, evimizə tərəf axırdı. Təhlükəli olduğundan ailəmi maşınla uzağa apardım. Güclü partlayışlar oldu. Hamı təşviş içərisində idi. Əraziyə polislər gəldi, yaxın ətrafda yaşayan ailələr evakuasiya olundu. Axan lavalar o zamandan həyətlərdə dərin izlər açıb. Evlərdə çatlar yaranıb. İndi buranı satıb, başqa yerə köçmək fikirim var. Bir ildir ki, evimi satışa qoymuşam, ancaq vulkana görə heç kim almaq istəmir”./musavat.com/

MediaFax