Vergi borcu necə silinəcək? - Detallar

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında vergi ödəyicilərinin 1 yanvar tarixində mövcud olan vergi borclarının təmizlənməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi ölkə prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. Qanunun əsas mahiyyəti bundan ibarətdir ki, vergi ödəyicilərinin vergiləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən silinir.

Qanunun 2.1. maddəsi nəzərə alınmaqla vergi orqanları tərəfindən aparılan digər vergi nəzarəti və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:

1. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 %-i ödənildikdə-maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən silinir.

2. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə- maliyyə sanksiyalarının ödənilməmiş 50%-i müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən silinir.

3. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə- maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən silinir.

Bu qanunun müddəaları vergi ödəyiciləri tərəfindən 1 və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir./qafqazinfo.az/

MediaFax