“Vergi amnistiyası”nı nəzərdə tutan qanun təsdiqləndi

Azərbaycan prezidenti İlham Əliyev "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
 
Qanun vergi ödəyicilərinin vergilərinin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi ilə bağlıdır.
 
Qanuna əsasən, vergi ödəyicilərinin vergilərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları Vergilər Nazirliyi tərəfindən silinir. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarında şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra orqanı tərəfindən silinəcək.
 
Eyni zamanda, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçiriləcək:
 
- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinir;
 
- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i isə müvafiq icra hakimiyyəti tərəfindən silinəcək;
 
- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək.
 
Qeyd edək ki, bu qanun layihəsinin müddəaları vergi ödəyicilərinin bu qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barədə məhkəmənin qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixindən mövcud olan ödənilməmiş hissələrinə şamil edilir.
 
Qanun 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

MediaFax