Azərbaycan əsilli Rusiya milyarderi Vahid Ələkbərov və onun ortağı Leonid Fedun Rusiyanı tərk etməyə hazırlaşırlar.
Virtualaz.org bildirir ki, bu haqda "Moscow-Post” qəzeti yazıb. Nəşr qeyd edir ki, "Lukoyl" şirkətinin şərikləri Vahid Ələkbərov və Leonid Fedunun aktivlərini Rusiyadan çıxarmaq barədə fikirləşdikləri ilə bağlı yayılan şayiələr dolayısı ilə təsdiqini tapır. Belə ki, keçən ilin nəticələrinə görə, şirkət neft hasilatını 2015-ci illə müqayisədə 8,6% (91,992 milyon tona qədər) azaldıb.
Şirkətin prezidenti daha əvvəl həqiqətən də təxminən 200 neft quyusunun işini dayandıracağını elan etmiş və bunu olduqca sadə arqumentlə - Rusiyanın və OPEK-in mövcud siyasəti ilə əsaslandırmışdı.
Düzdür, "Lukoyl" ona qədər Rusiya hakimiyyətinə xəbərdarlıq etmişdi ki, hasilatı havayı azaltmaq istəmir və dövlətindən kompensasiya alacağına bel bağlayır…
Bununla belə, neft şirkətinin sahibləri öz investisiya maraqlarını tədricən Rusiyanın hüdudlarından kənara çıxarırlar. Məsələn, cari il fevralının sonunda məlum oldu ki, "Lukoyl" il ərzində İraqın "Qərb Kurnası - 2" neft yatağına 1,5 milyard dollar civarında vəsait qoymaq niyyətindədir. Bu haqda informasiyanı "Lukoyl" prezidenti V. Ələkbərov özü də təsdiq edib.
Dünən isə biznesmen bəyan edib ki, ən böyük səhmdarı olduğu "Lukoyl” (təxminən 25 faiz pay) "xarici istiqamətlərə" fəal baxır.
"Biz neft emal edən zavodların olduğu Belçikada və Hollandiyada öz iştirakımızı artırdıq. Balkanlarda da çox güclü iştirakımız var və bu mövqeyimizi daha da gücləndirməkdə davam edirik. Öz fəaliyyətimizi Türkiyənin ərazisində də aktivləşdirmək niyyətindəyik, çünki bizim zavodlarımız bu bazara istiqamətləndirilib", - deyə sahibkar bildirib.
Amma, vəziyyətlə tanış olanlar danışırlar ki, Vahid Ələkbərov ən böyük diqqəti gələcəkdə yalnız öz milyardlarını yox, həm də biznesini köçürə biləcəyi ölkə kimi ABŞ-a ayırır.
Xammal bazarının oyunçuları təsdiq edirlər ki, "Lukoyl" sahibkarları müxtəlif ölkələrin yurisdiksiyasının altında olan aktivləri savadlı idarə etməyi öyrəniblər. İlk növbədə də təcrübəni. Savadlı vergiqoyma planı Rusiyadan "köçmə" halında lazım olacaq. Və Rusiya qanun qoruyucularına biznesmenləri, əgər biznes, deyək ki, Virciniya adalarında, harada ki, "Lukoyl"un filialı şəklində törəmə şirkət olaraq Lukoil Overseas "qeydiyyatdan keçibsə”, necə deyərlər, "məşhər ayağına çəkmək” xeyli çətin olacaq.
Daha əvvəl KİV dəfələrlə hesablamağa çalışıb ki, "Lukoyl”da Rusiya "qeydiyyatı” olan neçə sahibkar var. Təxminən belə alınırdı: "Lukoyl"un səhmlərinin 50%-i xarici investorlara aiddir, üstəgəl Vahid Ələkbərov beşdə bir hissəyə nəzarət edir, vitse-prezident Leonid Fedun isə 10%-lik paya sahibdir.
Bundan başqa, məlum olub ki, neft şirkətinin 11% səhmini iki Kipr ofşorası - LUKOIL Employee Limited və Lukoil Investments Cyprus Ltd alıb.
Artıq "Lukoyl”u cəsarətlə Rusiya şirkəti yox, xarici şirkət adlandırmaq olar. Neft şirkətinin top-idarəetməsi tədricən ABŞ-a keçir.
Nəşrin rəyini soruşduğu ekspertlər də istisna etmirlər ki, tezliklə Vahid Ələkbərovun biznesinin çox hissəsi özü və onun top-menecerləri ilə birlikdə Birləşdirilmiş Ştatlarda peyda olacaq. Şirkətin pulu, deyilənlərə görə, son illər fəal şəkildə xaricə axır. Məsələn, yalnız 2014-cü ildə "Lukoyl" ofşordakı şirkətləri üçün təqribən 5 milyard dollar çıxara bilərdi.
MediaFax