Universitet fəaliyyətini dayandırdı - Tələbələri köçürüləcək

Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti ötən ilin oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.

Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək.

Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur./aznews.az/

MediaFax