Xəbər verdiyimiz kimi, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Elektrik enerjisi və təbii qaza görə, yeni tariflər qüvvəyə minməmiş Azərbaycanda bir sıra istehsal məhsullarının qiymətinin və xüsusən çörək və unun bahalaşacağı xəbəri yayıldı.
Əməkdaşımız məsələ ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, son üç gündə Azərbaycanda 50 kiloqram unun qiymətində ən azı 60 qəpik bahalaşma qeydə alınıb.
Bakıda fəaliyyət göstərən təndirxananın sahibi saytımıza bildirib ki, "Fatoğlu”nun 50 kiloqramlıq un kisəsini hər gün 20 qəpik artımla aldığını qeyd edib. Vurğulayıb ki, əvvələr 25 manat 40 qəpiyə aldığı unun kisəsini hazırda 26 manatdır: "Allah sabahdan və növbəti günlərdən qorusun. Bizim də çörəyimiz bu çörəkdən çxır”.
Sahibkar aldığı unun qaimələrini də təqdim edib.
Ölkənin ən iri un istehsalçılarından biri olan"Karat Holding"in baş direktoru Taleh Qasımov saytımıza bildirib ki, rəhbərlik etdiyi şirkət tərəfindən istehsal olunan unun qiymətinin bahalaşıb. O, bunu elektirik enerjisi və təbii qazın yeni qiyməti ilə deyil, buğdanın dünya bazarında qiymətinin artması ilə əlaqələndirib: "Bəli, unun qiyməti bir qədər bahalaşıb. Bu dünya bazarında buğdanın qiymətinin bahalaşması ilə bağlıdır. 4 gün əvvəl 50 kiloqramlıq unun qiyməti 22 manat 90 qəpik idisə, hazırda 23 manat 70 qəpiyə satılır”.
Xatırladaq ki, 15 yanvar 2016-ci ildə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı bu gündən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılması barədə qərar qəbul edilib.
"Karat Holding"in baş direktoru Taleh Qasımov bildirmişdi ki, prezidentin tətbiq etdiyi güzəştlərlə əlaqədar dəyirmanlarda 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata endiriblər./unikal.org/
MediaFax