Ukrayna bu qış qaz almayacaq - Rusiyadan

Ukraynanın "Naftoqaz” dövlət şirkəti 2016-cı ilin sonuna qədər Rusiyadan təbii qaz almayacaq.
 
TASS-ın yaydığı  məlumata görə, bunu "Naftoqaz”ın rəhbəri Andrey Kobolev deyib. "Bizim hesablamalarımıza  görə, ilin sonunadək Rusiya qazını almayacağıq. Əgər Rusiya tərəfi razılaşmanın standart şərtlərini qəbul etməyəcəksə, o zaman qışın sonunadək Rusiya qazından imtina edəcəyik. Biz Stokholm arbitraj məhkəməsinin qərarını gözləyirik”, - deyə o, söyləyib.
 
Qeyd edək ki, dekabrın 9-da  Brüsseldə keçirilən Rusiya-Ukrayna-Avropa İttifaqı üçtərəfli görüşündə Moskva ilə Kiyev arasında qiymətlə bağlı fikir ayrılığı yaranıb.
 
Rusiyanın energetika naziri Aleksandr Novak danışıqların konstruktiv keçdiyini və tərəflərin qış vaxtında qazın ötürülməsinə dair detalları müzakirə etdiyini söyləyib.
 
Andrey Kobolev isə razılıq əldə olunmadığını söyləyib və əlavə razılaşmanın imzalanmasına ehtiyac duyulduğunu deyib. 
 
Ukrayna 2015-ci ilin sonundan Rusiya qazını almaqdan imtina edib və əvəzində Avropadan daha ucuz qiymətə qaz alacağını açıqlayıb./APA/

MediaFax