Türkiyəli nazir qəbulda

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
F. Çelik prezident İlham Əliyevin tövsiyəsi ilə İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Bakıda yaradılmasına və uğurla fəaliyyət göstərməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.
 
O, hazırda Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında sıx əməkdaşlığın yaradıldığını deyib.
 
Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda telefon danışığını və baş nazir Binəli Yıldırımla Münxendə görüşünü məmnunluqla xatırlayıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bu gün Bakıda keçirilən növbəti toplantısının önəmini qeyd edən dövlət başçısı Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrakla səmərəli görüşün olduğunu vurğulayıb.
 
Görüşdə ölkələrimizin kənd təsərrüfatı nazirlikləri arasında əlaqələrin yaxşı potensiala malik olduğu bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MediaFax