Türkiyədə daha bir terror: 14 şəhid, 55 yaralı - Yenilənib

10:53 
 
Türkiyənin Kayseri şəhərində partlayış baş verib.
 
"Milliyet”in verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 08.45 radələrində şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında avtobusda qeydə alınıb.
 
Partlayış nəticəsində yaralıların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
 
X X X
 
Kayseridə baş verən partlayışın terror aktı olduğu müəyyənləşib.
 
DHA-nın verdiyi xəbərə görə, partlayıcı qurğu quraşdırılmış avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırpılıb və partlayış baş verib. İlkin məlumatlarda xeyli yaralının olduğu bildirilib.
 
------------
12:02
 
Kayseridə törədilən partlayış nəticəsində 9 nəfər şəhid olub.
 
Bunu Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili İsmayıl Tamer "A haber" telekanalının canlı yayımında deyib. Avtobusda həftə sonu izninə çıxmış mülki geyimli hərbçilər olub. Yaralıların sayı barədə dəqiq məlumat yoxdur.
 
-------------
12:19 
 
Türkiyə Silahlı Qüvvələri Kayseridə törədilən partlayışla bağlı açıqlama yayıb.
 
Hadisə nəticəsində 13 hərbçi ölüb, 48-i yaralanıb. Mülki şəxslər arasında da yaralıların olduğu bildirilir./APA/
 
------------
14:58 
 
Türkiyənin Kayseri şəhərində baş verən terror aktında yaralananların sayı artıb.

"Milliyet" xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 55 nəfər yaralanıb.

Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, yaralananlardan 12-si hazırda reanimasiyadadır: "Onlardan 6-sının vəziyyəti ağırdır. Bundan başqa, şəhid olanlardan 8-nin kimliyi də artıq məlum olub”.

Nazir qeyd edib ki, hazırda terroru törədənlərin kimliyi araşdırılır: "Türkiyədə terrora son qoyulacaq. Biz bu məsələdə qərarlıyıq. Səbrli olacağıq və bununla da terrorun qarşısını alacağıq. Ölkəmizin, millətimizin başı sağ olsun”./virtualaz.org/
 
-----------
18:04
 
Kayseridə törədilən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.
 
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir partlayışla bağlı 7 nəfərin saxlandığını, 5 nəfərinsə axtarıldığını deyib./APA/



MediaFax