Yanvarın 11-də və 12-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi postuna namizədi, "ExxonMobile” şirkətinin keçmiş prezidenti Reks Tillerson Senatın beynəlxalq münasibətlər komitəsində sorğu-sual ediləcək.
Bu, Tillerson üçün kritik sorğu-sual olmalıdır. Çünki senatorlardan kimsə onun namizədliyinə veto qoysa Tillerson dövlət katibi ola bilməz. Veto qoymaq üçün isə senatorların onunla bağlı ciddi narahatlıqları var. Çünki Tillerson "ExxonMobile” şirkətinə başçılıq edəndə Rusiya ilə sıx işgüzar münasibətlər qurub, prezident Vladimir Putindən "Dostluq” ordeni alıb.
"The Washington Post” yazır ki, əgər Tillerson Senatdakı dinləmələrdə Rusiya haqda "doğru şeylər desə” demokratların ona veto qoymaq üçün əsasları olmayacaq. Bu həftə Tillerson bir qrup respublikaçı və demokrat senatorla görüşüb. "Görüşdə iştirak edən bir neçə senatorun və köməkçilərinin bildirdiyinə görə, Tillerson dəridən-qabıqdan çıxıb ki, özünün Putin Rusiyasına qarşı sərt münasibətdə olduğunu sübut eləsin. Bununla belə o, Tramp administrasiyasının yürüdəcəyi hansısa konkret kursa sadiqliyi barədə heç nə deməyib”-qəzet yazıb.
Mənbələrdən biri həmin qapalı görüş haqda bunları deyib: "Tillerson dedi: "Qulaq asın, mən başa düşürəm ki, Putin və Rusiya uşaq meydançasındakı dəcəldir. Onlar ancaq gücü başa düşürlər, əgər onlarla güc mövqeyindən danışmadınsa o zaman sənin xeyli problemin olacaq”. O, situasiyaya sanki 10 min metr hündürlükdən baxırdı, ancaq sanksiyalar məsələsinə gələndə Tillerson siyasətin hansısa konkret istiqamətini həvəslə dəstəkləmək istəmirdi”.
Görüşdə iştirak edən digər senatorun bildirdiyinə görə, Tillerson aydın şəkildə bildirib ki, Rusiyanın ABŞ və müttəfiqləri üçün hərtərəfli təhdid yaratdığını başa düşür. Lakin mənbə deyib ki, Tillerson konkret suallardan yayınıb, o cümlədən Donald Trampın Rusiyanın Amerika seçkilərinə haker müdaxiləsi barədə kəşfiyyatla hələ də mübahisə etməsinə şərh vermək istəməyib.
"Mən ona dedim: "Sizə belə gəlmirmi ki, Rusiya bizim seçkilərə qarışıb? Siz bununla bağlı nə etmək fikrindəsiniz? Beləliklə, mən onu imtahana çəkdim. Tillerson isə təxminən belə cavab verdi ki, gərək o, bu məsələlərlə bağlı Trampın adamları ilə məsləhətləşsin”-mənbə deyib./virtualaz.org/
MediaFax