Tramp Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək? - “The American Thinker”

Amerikada çıxan "The American Thinker” qəzetində Los-Ancelesdəki Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq direktoru, siyasi icmalçı Ceyson Katsın "Tramp və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi” sərlövhəli məqaləsi dərc olunub.

AzərTAc bildirir ki, materialda Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağın işğal edilməsi və yeni seçilmiş prezident Donald Trampın administrasiyası dövründə bu münaqişənin həlli perspektivləri barədə söhbət açılır.

Müəllif yazır ki, seçki kampaniyaları dövründə ermənilərin Amerikadakı lobbi təşkilatları Respublikaçılar partiyasından namizəd Donald Trampın əleyhinə güclü kampaniya təşkil etmişdilər. Lakin Tramp seçkilərdə qalib gəldi və üstəlik, erməni lobbisinin dostları, ABŞ Konqresində erməni kokusunun keçmiş həmsədri senator Mark Kerk, konqresmen Bob Dold və Senatda yer tutmağa namizəd olan Co Hek də uduzdu. Hərçənd, erməni lobbiçiləri bu insanların xidmətlərinə çox ümid bəsləyirdilər.

C.Kats yazır ki, erməni lobbisi ilə bağlı olmayan, lakin Azərbaycan barədə müsbət fikirdə olan yeni seçilmiş prezident Tramp ABŞ-ın milli mənafelərini nəzərə alaraq, Azərbaycana praqmatik münasibət bəsləyə bilər. Bu, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və dinc yolla tənzimlənməsinə kömək edəcək.



Ekspert daha sonra Amerika-Azərbaycan münasibətləri, habelə energetika və təhlükəsizlik sahələrində strateji tərəfdaş kimi Azərbaycanın ABŞ üçün əhəmiyyəti barədə yazır. O qeyd edir ki, Azərbaycan Dövlət Müstəqilliyini bərpa edəndən sonra Ermənistan ona qarşı təcavüzə başlayıb, ölkənin Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı bir neçə rayonu işğal edib. Müəllif vurğulayır ki, erməni təcavüzü Azərbaycanın dinc əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi, insanlara işgəncələr verilməsi və etnik təmizləmə aktları ilə müşayiət olunub, bu təcavüz nəticəsində Azərbaycanın bir milyona yaxın sakini qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ermənistan azərbaycanlıların öz ölkəsində sülh şəraitində yaşamaq hüququnu kobud şəkildə pozub. Ermənistan münaqişənin mahiyyətini yanlış şərh etməklə, Dağlıq Qarabağdakı ermənilərin "təyini-müqəddərat hüququ”na istinad edərək dünya birliyini aldatmağa çalışır. Əslində isə bu, başqa ölkənin ərazisini ilhaq etməyin əyani nümunəsidir. Bu, 1930-cu illərdə Almaniyada Çexoslovakiyanın Sudet vilayətini işğal etmiş, Avstriyanı isə hətta ilhaq etmiş nasistlər tərəfindən istifadə edilmiş yanaşmadan heç nə ilə fərqlənmir.

Məqalədə deyilir ki, ABŞ-ın yeni prezidentinin gündəliyində həllini gözləyən məsələlər çox olacaq, lakin Tramp bu münaqişənin tənzimlənməsi məsələsini qətiyyətli şəkildə nəzərdən keçirməlidir. C.Kats sonda yazır ki, Donald Trampın ABŞ prezidenti vəzifəsinə seçilməsi prioritetlərdə dəyişikliyə səbəb ola və Azərbaycanın ərazisinin işğalına son qoyulmasına kömək edə bilər.

MediaFax