Tramp 100 gündə bu işləri görəcək - Vəd etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət başçısı postunda öncə hansı işləri görəcəyini açıqlayıb. Novator.az-ın məlumatına görə, səlahiyyətlərinin icrasına 2017-ci il yanvarın 20-də başlayacaq Donald Tramp ilk 100 gün ərzində ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasından çıxması üçün çalışacağını bəyan edib.

Regional azad ticarət zonasının yaradılmasını və müxtəlif sahələrdə işbirliyini nəzərdə tutan razılaşmanı 2016-cı ilin fevralında ABŞ, Kanada, Meksika, Peru, Çili, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Vyetnam, Malayziya, Sinqapur və Bruney imzalayıb. Yeni seçilmiş prezident ABŞ-ın bu qurumda iştirakının ölkəyə sərfəli olmadığını düşünür.

Donald Tramp ABŞ-da enerjidaşıyıcılarının istehsalına qoyulan məhdudiyyətlərin götürüləcəyini, bu sektorda yeni iş yerləri açılacağını bəyan edib.

Yeni seçilmiş prezident ilk 100 gün ərzində viza pozuntularının araşıdırılacağını, qanunsuz miqrasiyaya qarşı sərt mübarizəyə start veriləcəyini deyib.

O, vəzifədən gedən məmurlara ilk 5 il ərzində lobbiçilik fəaliyyəti ilə məşğul olmağı yasaqlayacağını bildirib. Məmurların başqa dövlətlər adından lobbiçiliyi isə tam qadağan olunacaq.

Qanunvericilik sisteminin təkmilləşdirilməsini vəd edən Donald Tramp ABŞ-ın kibernetik hücumlardan və başqa təhlükələrdən qorunması yönündə qəti addımlar atacağını da vurğulayıb.

1946-cı ildə Nyu-York ştatında doğulan Donald Tramp 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, bütün karyerasını tikinti biznesinə həsr edib, milyarderdir.

1999-cu ildən Respublikaçılar Partiyasının üzvü olan Donald Tramp bu il iyul ayında qurumun prezidentliyə namizədi seçilib. Noyabrın 8-də keçirilmiş ümumxalq səsverməsində Donald Tramp Demokratlar Partiyasından rəqibi Hillari Klintonu məğlub edib. Yeni prezidentin andiçmə mərasimi gələn il yanvarın 20-də olacaq.

MediaFax