Toyu yasa döndərən keçmiş məhkum tutuldu

İsmayıllı rayonunda qətl hadisəsi törədilib.
 
hadisə dünən axşam saat 20:00 radələrində rayonun Topçu kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğlu çoxsaylı bıçaq xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir. Qətlin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.
 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.    
 
X X X 
 
İsmayıllı rayonunda qətl hadisəsi törədən şəxs xəstəxanadan qaçıb.
 
Hadisə dünən axşam saat 20:00 radələrində rayonun Topçu kəndində keçirilən toy mərasimində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov Canpolad Firudin oğlu toy mərasimində spirtli içki qəbul etdikdən sonra şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bibisi oğlu, 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.
 
Döş qəfəsi, qarın boşluğu və sol bud nahiyəsindən 3 bıçaq xəsarəti alan Hikmət Feyzullayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da orada dünyasını dəyişib.
 
Hadisəni törədən Canpolad Hüseynov bıçaqlanma zamanı öz əlindən xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona tibbi yardım göstərib. Canpolad Hüseynov bibisi oğlunun öldüyünü eşidərək xəstəxanadan qaçıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədən Canpolad Hüseynovun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
 
Qeyd edək ki, Canpolad Hüseynov 20 il məhkumluq həyatı yaşayıb və həbsxanadan azadlığa bu yaxınlarda çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.    
 
X X X
 
İsmayıllı rayonunda qətl hadisəsi törədən keçmiş məhkum qaçsa da sonradan tutulub.
 
Topçu kənd sakini, 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğlu öz dayısı oğlu, 1976-cı il təvəllüdlü Hüseynov Canpolad Firudin oğlu tərəfindən bıçaqlanaraq, amansızlıqla qətlə yetirilib. Hadisəni törədən Canpolad Hüseynov qaçıb gizlənsə də, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər və cinayətkar "isti izlər”lə tapılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır./APA/

MediaFax