Torpaqları necə azad edək? - Bu dəfə iqtisadçılar danışırlar

Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir.
 
İşğal olunmuş ərazilərinin azad edilməsi isə Azərbaycan xalqının qarşısında duran əsas məqsəddir. Bu məqsədin həyata keçirilməsi üçün, nəinki dövlət qurumları, eyni zamanda, bütövlükdə Azərbaycan xalqı birlikdə mübarizə aparmalıdır. İstər dövlət, istərsə də qeyri-dövlət qurumları öz fəaliyyətlərində bunu prioritet məsələ kimi saxlamalı, hər bir addımlarında Dağlıq Qarabağın işğal faktlarının dünyaya çatdırılması ilə məşğul olmalıdırlar.
 
2017-ci ildə Dağlıq Qarabağ hansı yollarla düşməndən azad edilə bilər?
 
Bir neçə iqtisadçının fikrini öyrədik.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov işğal altında olan torpaqların yalnız müharibə yolu ilə geri qaytarılmasının mümkün olduğunu deyib.

"ATƏT-in Minsk qrupu məsələni heç cür həll etmir. Müəyyən görüşlər olur, müəyyən vədlər verirlər. Amma heç bir sənəd imzalanmır. Ermənilər də torpaqları qaytarmaq istəmirlər. Əksinə orada tikinti işləri görürlər, yollar çəkirlər və s. Biz işğal altında olan torpaqlarımızda terrorizmlə, qaçaqmalçılıqla mübarizə əməliyyatları apara bilərik. Çünki oralar bizim ərazimizdir. Ona görə də mən hesab edirəm ki, çıxış yolu müharibədir. Başqa cür biz torpaqlarımızı geri qaytara bilmərik”.
 
Müstəqil iqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, işğal altında olan torpaqları azad etməyin ən uyğun yolu müharibə olmadan, hər hansı bir itki vermədən düşməndən azad etməkdir.

"Düşünürəm ki, bu ən uyğun yol olardı. Amma son olaraq, xüsusən də atəşkəsdən keçən müddət ərzində aparılan danışıqlar onu göstərir ki, işğal altında olan torpaqları düşəndən azad etmək ya mümkün deyil, ya da olduqca çətindir. Xüsusən də Ermənistan tərəfi danışıqlarda kompramis  nümayiş etdirmir. Ortaq fikir alınmır. Amma müharibənin başlanması indiki halda alternativ yol kimi görünür. Ordunun gücləndirilməsinə və möhkəmləndirilməsinə çox böyük ehtiyac var. Çox sevindirici haldır ki, Müdafiə Nazirliyində aparılan islahatlar, xüsusən də kadr islahatları, ordunun güclənməsinə və insanlarda nikbinliyin, vətənpərvərliyin formalaşmasına gətirib çıxarıb. Hətta mənim bu yaxınlarda bakıda fəaliyyət göstərən səfirlərin birinin müşaviri ilə söhbətim oldu. O da bildirmişdi ki, insanlar arasında sorğu aparan zaman onların ən çox inandığı dövlət qurumu Müdafiə Nazirliyidir. Bu da müharibə şəraitində olan ölkə üçün kifayət qədər müsbət bir haldır”.
 
Vüqar Bayramov deyib ki, güclü iqtisadiyyatın olması məsələnin həllində üstünlüklər gətirir.

"Ona görə də Azərbaycan iqtisadiyyatında da islahatlar aparılmasına, inkişaf tempinin artırılmasına çox böyük ehtiyac var. Güclü iqtisadiyyat həm də regionda güclü mövqe deməkdir. Güclü mövqe də problemin həllində ölkənin imkanlarını xeyli artırır. Xüsusən də neftdən asılılığın aradan qaldırılması, dayanıqlı iqtisadiyyatın inkişaf etdirilməsində islahatların aparılmasına ehtiyac var. Güclü iqtisadiyyata malik olan ölkə güclü ordunun da olmasına malik ola bilir”.
 
REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün təkcə bir yol yoxdur.

"Torpaqların azad edilməsi kompleks şəkildə olmalıdır. Həm ordu, həm xarici siyasət, həm də güclü iqtisadiyyat olmalıdır. Həmçinin, dünya ölkələrinin bu məsələyə baxışı dəyişməlidir. Bunun üçün tədbirlər planı həyata keçirilməlidir. İqtisadi həll dedikdə, Azərbaycanı daha varlı, cəlbedici ölkəyə çevirməklə, dünyaya örnək göstərmək başa düşülür. Bunun üçün kifayət qədər böyük işlər görülməlidir. Həmçinin, ordumuz daha da güclənməlidir. Çox qısa zamanda əməliyyatlar keçirməyə ordumuz hazır olmalıdır. Yəni bunun üçün kompleks tədbirlər keçirilməlidir”.
 
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu indiki halda sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd edib.

"Amma eyni zamanda uzun illər bu danışıqların aparılmasının səmərəsi bunu deməyə əsas yaradır ki, Azərbaycan xalqının iradəsi və gücü hesabına işğal altında olan torpaqlarımız düşməndən azad olunmalıdır”./modern.az/

MediaFax