Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadə ilə bağlı monitorinqləri və reydləri davam etdirir.
Fevralın 8-də yayılan rəsmi hesabatda deyilir ki, indiyədək torpaq müfəttişlərinin apardığı monitorinqlər nəticəsində 4900-ə yaxın, 2016-cı ildə isə 1300-ə yaxın qanun pozuntusu aşkarlanıb: "1100-ə yaxın hal üzrə inzibati protokol tərtib edilərək 580 min manatdan çox cərimə tətbiq olunub. Vətəndaşlara torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah edilir, cərimələrin 30 gün ərzində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi bildirilir.
Aparılan monitorinq və torpaq reydlərində kənd təsərrüfatı torpaqlarının təyinatının müvafiq qanunvericiliyin tələbləri pozulmaqla məqsədli şəkildə dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının qeyri-qanuni zəbt olunması, mülkiyyət sənədi olmadan torpaqlar üzərində tikinti-quraşdırma işlərinin aparılması, mühafizə zolaqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, torpaqların üst münbit qatının korlanması halları üzə çıxıb. Həmçinin əvvəlki dövrlərdə torpaqların zəbt olunması, hasarlanaraq uzun illər istifadəsiz saxlanması və birbaşa təyinatına uyğun olmayaraq başqa məqsədlərlə istifadəsi halları müəyyən edilib.
Görülən tədbirlər nəticəsində 46 rayon üzrə icarədə olan, lakin istifadəsiz qalan 200 min hektar torpaq sahəsinə dair 935 icarə müqaviləsinə xitam verilib və həmin torpaqlar dövlət mülkiyyətinə qaytarılıb”./novator.az/
MediaFax