15:25
Bu dəqiqələrdə yayılan xəbərə görə Liviyanın Afriqiyah Airways şirkətinə məxsus sərnişin təyyarəsi terrorçular tərəfindən qaçırılıb.
Reuters-in məlumatına görə təyyarə Maltada yerə enib. İki sərnişin təyyarəni partlatmaqla hədələyir. Təyyarənin göyərtəsində 118 sərnişin var. Terrorçuların tələbləri məlum deyil.
Maltanın baş naziri Cozef Muskat özünün Tvitter bloqunda yazıb ki, terrorçular A320 sərnişin təyyyarəsinin onun ölkəsində yerə endirilməsini tələb ediblər.
X X X
Terrorçular tərəfindən qaçırıldığı bildirilən sərnişin təyyarəsi Malta beynəlxalq aeroportuna yerə enib.
Bu ölkənin Daxili İşlər Nazirliyi aeroporta təcili olaraq təhlükəsizlik qüvvələrinin və təcili yardım briqadalarının göndərildiyini açıqlayıb. Bildirilir ki, təyyarə Liviyanın Seba şəhərindən yerli vaxtla saat 10.10-da havaya qalxıb və Tripoliyə doğru istiqamət götürüb. Lakin terrorçular ekipajdan təyyarənin kursunu dəyişməyi tələb ediblər.
Xəbərə görə, Maltanın xüsusi təyinatlı bölmələri aeroporta yeridilib, o cümlədən "C” antiterror bölməsi təyyarəni mühasirəyə alıb. Aeroportdan bir neçə reys təxirə salınıb. Daxili İşlər Nazirliyinin baş direktoru Alan Borq təyyarədəki sərnişinlərin azad olunması üçün əməliyyat keçirilməsinin hökumətin səlahiyyətində olduğunu açıqlayıb./virtualaz.org/
-----------
16:19
Liviya təyyarəsini qaçıran şəxslərin sərnişinləri buraxdığı barədə məlumat yayılıb.
"Sky News Arabia” telekanalının verdiyi xəbərə görə, təyyarə Maltaya endikdən sonra təyyarəni qaçıran şəxslər sərnişinləri buraxıb. Sərnişinlərin dəqiq sayı göstərilmir. Lakin heyət üzvlərinin hələ də girovluqda saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu gün "Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub./APA/