Tərəflərlə danışıqlar davam etdirilir - “Qızıl Xaç”

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün tərəflərlə danışıqları davam etdirir.
 
Bunu açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
 
O qeyd edib ki, BQXK hazırda münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və bu məsələni yaxından izləyir: "BQXK hakimiyyət orqanları ilə konfidensial və ikitərəfli dialoqu davam etdirir və bu dialoqun məzmunu ictimaiyyətə açıqlanmır”.
 
Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.
 
Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.
 
Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib./APA/

MediaFax