Tərcümə Mərkəzində narazılıq yarandı

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində ixtisarlara start verilib.

İxtisarların aparılma prinsipi əməkdaşlar arasında narazılıq doğurub.

Ötən həftə Mərkəzin həftəlik nəşri olan "Aydın yol" qəzetinin bağlanmasından sonra qurumun ayrı-ayrı şöbələri üçün də ixtisar siyahıları tərtib edilib. Ancaq siyahının hansı prinsiplər əsasında tutulduğu bilinmədiyi üçün əməkdaşlar onu ciddi narazılıqla qarşılayıblar. Mərkəzin şöbələrində çalışan zəhmətkeş işçilərə "Gələn ildən işə gəlməyin” deyilib, ancaq onlara qurumdan niyə uzaqlaşdırıldıqlarının səbəbi izah edilməyib.

Verilən məlumata görə, Tərcümə Mərkəzi ilə uzaqdan əməkdaşlıq edib, ştatda sayılan "kölgə işçilər” ixtisara düşməyib. Onlar növbəti ildə də fəaliyyət göstərəcəklər.

Tərcümə Mərkəzi ilə əlaqə saxlamağa çalışılsa da, sualları cavablandırmaqdan imtina edilib. Mərkəzin mətbuat xidməti də son vəziyyətlə bağlı hər hansı açıqlama yaymayıb./qaynarinfo.az/

MediaFax